Sürücüsüz avtomobillər dövrü başlayır: Sükan və pedal olmayacaq
Avtomobil sənayesində yeni texnoloji mərhələnin başlanğıcı hesab edilən sürücüsüz avtomobillər nəqliyyat vasitələrinin quruluşunu və istifadə qaydalarını kökündən dəyişə bilər. Sükanı və qaz əyləc pedalları olmayan yeni nəsil avtomobillər süni intellekt və avtonom idarəetmə texnologiyaları ilə təchiz ediləcək.
Bu barədə Türkiyənin TRT Haber telekanalı məlumat yayıb.
Məlumata görə, "Tesla" şirkəti sükanı və qaz-əyləc pedalları olmayan yeni modelini təqdim edib. Avtomobilin real yol şəraitində ilk avtonom sınağı da həyata keçirilib.
Yeni texnologiyanın geniş yayılması avtomobildən istifadə vərdişlərini dəyişə bilər. Belə ki, nəqliyyat vasitələri yalnız şəxsi istifadə üçün deyil, həm də gün ərzində sərnişin daşıyan robot-taksi xidmətləri kimi fəaliyyət göstərə bilər.
Mütəxəssislərin diqqət çəkdiyi məsələlərdən biri də avtomobilə sahiblik anlayışının dəyişməsidir. Gələcəkdə avtomobil sahibləri nəqliyyat vasitələrini istifadə etmədikləri saatlarda sərnişindaşıma xidmətinə yönəldərək gəlir əldə edə bilərlər.
Avtomobil sənayesindəki bu dəyişikliklər əmək bazarına da təsir göstərə bilər. Robot texnologiyaları və süni intellektin istehsalda rolunun artması ilə ənənəvi iş yerlərinin azalacağı, proqram təminatı, batareya mühəndisliyi, robototexnika və avtonom idarəetmə üzrə mütəxəssislərə tələbatın yüksələcəyi gözlənilir.
Beləliklə, gələcəkdə avtomobil sənayesində əsas meyar yalnız neçə nəqliyyat vasitəsinin istehsal edilməsi deyil, onların gün ərzində nə qədər səmərəli istifadə olunması ola bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: