Şok edən tibbi etiraf: Həkimlər xərçəng diaqnozunu xəstələrdən niyə gizlədirdi?
Bu gün həkimin ölümcül xəstəlik diaqnozunu xəstədən qəsdən gizlətməsi təsəvvürə sığmır. Lakin ötən əsrin ortalarına qədər xərçəng barədə həqiqəti xəstəyə deməmək bir çox ölkələrdə tibbi praktikanın qəbul olunmuş qaydalarından biri idi. Həkimlər pis xəbərin xəstənin psixoloji və hətta fiziki vəziyyətinə mənfi təsir göstərərək ömrünü qısalda biləcəyinə inanırdılar.
1961-ci ildə aparılan araşdırmaya əsasən, amerikalı həkimlərin təxminən 90 faizi xəstəyə xərçəng diaqnozu qoyulduğunu birbaşa söyləmədiklərini bildiriblər. Bu yanaşma uzun illər “xeyirxah aldatma” prinsipi ilə əsaslandırılıb.
Həmin dövrdə Amerika Tibb Assosiasiyasının etik qaydaları da həkimləri pis proqnozları xəstəyə açıq şəkildə bildirməkdən çəkindirirdi. Belə məlumatların əvəzinə xəstənin ailə üzvlərinə və ya yaxın dostlarına çatdırılması daha uyğun hesab edilirdi.
“Tibbi sükut” niyə yaranmışdı?
Bu yanaşmanın əsas səbəbi xəstənin psixoloji vəziyyətini qorumaq idi. Həkimlər hesab edirdilər ki, ağır diaqnozu eşidən insan ümidsizliyə qapıla, emosional sarsıntı keçirə və bunun nəticəsində xəstəliyin gedişi daha da pisləşə bilər.
Başqa sözlə, “zərər vermə” prinsipi yalnız tibbi müdaxilələrə deyil, həkimin istifadə etdiyi sözlərə də şamil edilirdi. Pis xəbərin özünün xəstəyə zərər verə biləcəyinə inanılırdı.
Lakin problemin psixoloji tərəfi də var idi. 1966-cı ildə Vaşinqtondakı xəstəxanalarda aparılan müşahidələr göstərmişdi ki, bəzi həkimlər xəstənin həqiqəti eşitməyə nə dərəcədə hazır olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirdilər. Bundan başqa, həkimlərin bir qismi ağır emosional reaksiyalarla qarşılaşmaqdan çəkinir və xəstəyə psixoloji dəstək vermək məsuliyyətini üzərinə götürmək istəmirdi.
Həkimlər diaqnozu nə qədər gizlədirdilər?
1953-cü ildə aparılan sorğuda həkimlərin yalnız 3 faizi xərçəng diaqnozunu xəstələrinə həmişə açıqladığını bildirib. 28 faiz bunu müntəzəm şəkildə etdiyini, 69 faiz isə diaqnozu gizlətməyə üstünlük verdiyini deyib.
1961-ci ildə Çikaqoda 219 mütəxəssisin iştirakı ilə aparılan daha geniş araşdırmada isə həkimlərin təxminən 90 faizinin xəstələrə diaqnozu birbaşa demədiyi müəyyənləşdirilib. Bəzi hallarda tibbi sənədlərdəki məlumatların belə qəsdən dəyişdirildiyi qeyd olunub.
Xəstələr isə həqiqəti bilmək istəyirdi
Dövrün araşdırmaları maraqlı bir ziddiyyəti də ortaya çıxarıb. Həkimlər xəstəni qorumaq məqsədilə həqiqəti gizlətsələr də, sorğular bir çox xəstənin əslində öz sağlamlığı barədə tam məlumat almaq istədiyini göstərirdi.
Sonrakı onilliklərdə tibbdə yanaşma əhəmiyyətli dərəcədə dəyişdi. Xəstənin öz sağlamlığı barədə məlumat almaq hüququ, qərarlarda iştirak etmək və müalicə ilə bağlı seçimlər etmək hüququ ön plana keçdi.
Beləliklə, bir vaxtlar “xeyirxah aldatma” kimi qəbul edilən tibbi sükut tədricən öz yerini məlumatlı razılıq, şəffaflıq və xəstə muxtariyyəti prinsiplərinə verdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: