xebermen.az

İşdən sonra telefona cavab vermirlər, görüşlərdən imtina edirlər – Z nəslinin 6 qaydası

Bu gün, 10:12

 


Z nəslinin nümayəndələri iş, ailə və dostluq münasibətlərində əvvəlki nəsillərin normal hesab etdiyi bir çox qaydalardan uzaqlaşırlar. Onlar şəxsi sərhədlərə, rahatlığa və iş-həyat balansına daha çox üstünlük verirlər.
Z nəslinin davranışları bəzən valideynləri və yaşlı həmkarları tərəfindən məsuliyyətsizlik və ya inadkarlıq kimi qiymətləndirilir. Lakin gənclər üçün bu yanaşmalar daha çox şəxsi seçim və rahat həyat tərzi ilə bağlıdır.
1. Eyni işdə illərlə qalmaq istəmirlər
Z nəslinin nümayəndələri yalnız sabitlik naminə uzun illər eyni iş yerində qalmağa əvvəlki nəsillər qədər meylli deyillər. Maaş qənaətbəxş deyilsə, karyera imkanları məhduddursa və ya iş şəraiti onları qane etmirsə, başqa iş axtarmağa daha hazırdırlar.
2. Statusdan çox rahatlığa üstünlük verirlər
Gənc işçilər üçün yüksək vəzifə və nüfuz hər zaman əsas prioritet deyil. Sağlam iş mühiti, yaxşı komanda, gördükləri işin mənalı olması və şəxsi həyata vaxt ayıra bilmək onlar üçün daha vacib ola bilər.
3. İş vaxtı bitdikdən sonra işləmək istəmirlər
Z nəslinin nümayəndələri iş gününün başa çatmasını şəxsi vaxtlarının başlanğıcı kimi qəbul edirlər. Rəhbərin razılığını qazanmaq üçün əlavə saatlarda qalmaq və ya həftəsonu iş mesajlarına cavab vermək onlar üçün karyeranın məcburi hissəsi sayılmır.
4. Ailə ənənələrini kor-koranə qəbul etmirlər
Ailə daxilində formalaşmış qaydalar Z nəsli üçün əvvəlki qədər dəyişməz deyil. Onlar sırf “ailədə həmişə belə olub” deyə hansısa davranışı qəbul etməkdənsə, öz sərhədlərini müəyyənləşdirməyə üstünlük verirlər.
Gender rolları ilə bağlı ənənəvi təsəvvürlərə münasibətdə də daha çevik yanaşma müşahidə olunur. Geyim, sosial rollar və şəxsi kimliklə bağlı seçimlərdə fərdi azadlığa daha çox əhəmiyyət verilir.
5. Mesajlara dərhal cavab verməyi vacib saymırlar
Z nəslinin nümayəndələri dostlarının və ya tanışlarının mesajına dərhal cavab verməməsini hörmətsizlik kimi qəbul etmədikləri kimi, özlərinin də hər an əlçatan olmasını vacib hesab etmirlər.
6. Görüşlərdən imtina etməkdən çəkinmirlər
Yorğun olduqları və ya tək qalmağa ehtiyac duyduqları zaman görüşü təxirə salmaq onlar üçün qeyri-adi deyil. Səs-küylü məclisdən və ya dostlarla görüşdən imtina etmək üçün uzun-uzadı izahat verməyi də vacib hesab etmirlər.
Məhz bu davranışlar yaşlı nəsil tərəfindən bəzən “inadkarlıq”, “eqoizm” və ya “başqalarını düşünməmək” kimi qiymətləndirilir. Z nəsli isə bunu şəxsi sərhədləri qorumaq, psixoloji rahatlığı təmin etmək və iş, ailə və sosial həyat arasında balans yaratmaq kimi görür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930