Cənnət tətili ölüm cəzasına səbəb ola bilər: məşhur kurortun qanunlarından xəbəriniz var
Tailand Cənub-Şərqi Asiyanın ən populyar turizm istiqamətlərindən biri olsa da, ölkədə turistlər üçün gözlənilməz görünə biləcək sərt qanunlar qüvvədədir. Bəzi qaydaların pozulması böyük məbləğdə cərimə, deportasiya, həbs və hətta ölüm cəzası ilə nəticələnə bilər.
2025-ci ildə Tailandı 32,9 milyondan çox xarici turist ziyarət edib. Buna baxmayaraq, ölkəyə səfər etməzdən əvvəl yerli qanunlarla tanış olmaq tövsiyə olunur.
Elektron siqaretlər qadağandır
Tailandda elektron siqaretlərin istifadəsi və saxlanılması qadağandır. Məhdudiyyət təkcə cihazların özünə deyil, kartriclərə və elektron siqaret mayelərinə də aiddir. Qaydanı pozan şəxslər cərimələnə, saxlanıla və məhkəmə qarşısına çıxarıla bilərlər.
Adi siqaret çəkməyə də hər yerdə icazə verilmir. Qadağan olunmuş ictimai yerlərdə siqaret çəkən şəxsləri yüksək məbləğdə cərimə gözləyə bilər.
Spirtli içkilərlə bağlı yaş məhdudiyyəti var
Tailandda spirtli içkiləri yalnız 20 yaşdan etibarən almaq və istifadə etmək olar. Bəzi məkanlarda yaş yoxlanışı ciddi aparılmasa belə, 20 yaşdan aşağı şəxslər üçün spirtli içki istifadəsi qanunsuz sayılır.
Kral ailəsini tənqid etmək olmaz
Ölkədə kral ailəsinin indiki və keçmiş üzvlərini tənqid etmək ciddi hüquqi nəticələrə səbəb ola bilər. Bu qayda internetdə yayılan paylaşımlara və şərhlərə də şamil edilir. Monarxiya haqqında mənfi məzmun paylaşan şəxslər uzunmüddətli həbs cəzası ilə üzləşə bilərlər.
Narkotiklərlə bağlı cəzalar son dərəcə sərtdir
Tailandda bəzi aşağı konsentrasiyalı tibbi kannabis məhsullarına icazə verilsə də, turistlərə onları ölkədən çıxarmaq qadağandır.
Qadağan olunmuş narkotik vasitələrin qanunsuz saxlanmasına görə isə daha ağır cəzalar tətbiq olunur. Xüsusilə A sinfinə aid narkotiklərin saxlanılması bəzi hallarda ölüm cəzasına qədər gedib çıxa bilər.
Sosial şəbəkədə foto paylaşmaq da problem yarada bilər
Turistlər sosial şəbəkələrdə foto paylaşarkən də diqqətli olmalıdırlar. Spirtli içki istifadə edən və ya qanunvericiliyə görə uyğunsuz hesab olunan geyimdə olan şəxslərin fotolarının paylaşılması müəyyən hallarda qanun pozuntusu sayıla bilər.
Belə vəziyyətdə həm fotoda olan şəxs, həm də şəkli çəkən və paylaşan şəxs məsuliyyətə cəlb oluna bilər.
Dron istifadə edənlər üçün xüsusi qaydalar var
Tailandda dronlar müvafiq dövlət qurumunda qeydiyyatdan keçirilməlidir. Ölkəyə girişdən və ya dronun alınmasından sonra müəyyən müddətdə qeydiyyat tələb olunur.
Qeydiyyatsız drondan istifadəyə görə yüksək məbləğdə cərimə, beş ilədək həbs və ya hər iki cəza eyni vaxtda tətbiq oluna bilər.
120-dən çox oyun kartı da problem yarada bilər
Tailandın qumar oyunları ilə bağlı qanunlarına əsasən, şəxsin üzərində 120-dən çox oyun kartının olması qadağandır. Bu qaydanın pozulması məhkəmə araşdırması, cərimə və həbs cəzası ilə nəticələnə bilər.
Suvenir alarkən də diqqətli olmaq lazımdır
Ölkədə qorunan vəhşi heyvanların xüsusi icazə olmadan tutulması, öldürülməsi və satılması qadağandır. Buna görə turistlər vəhşi heyvanlardan hazırlanmış suvenirlər alarkən onların mənşəyinə xüsusi diqqət yetirməlidirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: