Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər
"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır".
Bunu Lenta.ru-ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib.
Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zamanı qanaxmanı tez dayandırmaq qabiliyyətindən asılı olduğundan, qanın laxtalanması mexanizmi üstünlük hesab olunurdu. Lakin bu xüsusiyyət müasir həyat tərzi ilə birlikdə təhlükə yarada bilər.
Həkim izah edib ki, insan uzun müddət hərəkətsiz qaldıqda damarlar sıxılır, venalarda qan dövranı yavaşlayır və bu da trombların yaranması üçün əlverişli şərait formalaşdırır.
"Bənzər vəziyyət "səyahətçi trombozu" zamanı da yaranır. Məsələn, insan təyyarə səfəri zamanı 7-8 saat ərzində hərəkətsiz oturarsa, aşağı ətraflarda tromboz yaranması riski yüksək olur. Təhlükə ondadır ki, əmələ gələn tromb qoparaq ürəyə, daha sonra isə ağciyər qan dövranı damarlarına düşə bilər. Bu, ağır nəticələrə, hətta ölümə səbəb ola bilər", - deyə Berezovski açıqlayıb.
Onun sözlərinə görə, bu cür hallar yalnız səyahət edənlər arasında deyil, həmçinin uzun müddət hərəkətsiz vəziyyətdə qalmağa məcbur olan hərbçilər və bəzi dini konfessiyaların nümayəndələri arasında da müşahidə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: