Ermənistan Zəngəzur dəhlizini bu variantla açmaq istəyir - Rəsmi TƏKLİF
Ermənistan və Azərbaycan arasında sadələşdirilmiş gömrük və tranzit prosedurları ölkələr arasında daşınan mallarla bağlı məlumat mübadiləsini əhatə edir.
Bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan deyib.
Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan daha öncə bildiriblər ki, rəsmi İrəvan kommunikasiyanın açılması çərçivəsində Azərbaycanın əsas hissəsindən Naxçıvana insanların və yüklərin daşınması zamanı sadələşdirilmiş gömrük və sərhəd rejiminin tətbiqi məsələsini müzakirə etməyə hazırdır.
Badasyan deyib ki, həll yolları konkret vəziyyətdən asılı ola bilər.
“Qonşu Gürcüstanla ixrac məlumatlarının ilkin mübadiləsi təcrübəsi var. Bu, artıq idxal mərhələsində olan prosesi asanlaşdırır, çünki tərəflər müəyyən məlumatlara malik olurlar. Ölkələr əlavə riskləri azaltmaq üçün skan edilmiş şəkilləri də əvvəlcədən payalaşa bilərlər. Müasir rəqəmsal platformalara əsaslanan bir çox həll yolları var. Bu, insan faktorunu minimuma endirməyə və ümumilikdə nəzarət prosedurlarını sürətləndirməyə imkan verir. Bütün bunları şəraitdən və situasiyalardan asılı olaraq, Azərbaycanla münasibətlərdə tətbiq etmək olar”, - o qeyd edib.
Badasyan əlavə edib ki, bu məsələ Azərbaycanın vergi və gömrük orqanları ilə müzakirə edilməyib.