Ermənistan mallarına Avropada 2 illik güzəşt tətbiq olunacaq
Avropa İttifaqı (AB) Ermənistan mallarına müvəqqəti ticarət güzəştlərinin tətbiqini nəzərdə tutan sənəd qəbul edib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Avropa Parlamentinin sədri Roberta Metsola və İrlandiyanın Avropa işləri və müdafiə naziri Tomas Birn Ermənistan malları üçün müvəqqəti ticarət güzəştləri müəyyən edən qanunvericilik aktını imzalayıblar.
Sənədə əsasən, iki il müddətində geniş çeşiddə Ermənistan mallarına gömrük rüsumları tətbiq edilməyəcək. Güzəştlər emal olunmuş kənd təsərrüfatı məhsulları, tekstil və ayaqqabı da daxil olmaqla, 300-dən çox məhsul qrupuna şamil olunacaq.
Qaydada, həmçinin, Avropa İttifaqı istehsalçılarını qorumaq məqsədilə təhlükəsizlik mexanizmləri müəyyən edilib.
Sənəd AB-nin rəsmi jurnalında dərc olunacaq. Qayda dərc edildiyi gündən sonrakı gün qüvvəyə minəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: