Alimlərdən xəbərdarlıq: Bu qaz qadınlarda xərçəng riskini artıra bilər
Radon qazına daha çox məruz qalan qadınlarda mərkəzi sinir sisteminin bədxassəli şişlərinin yaranma riski arta bilər.
Bu qənaətə ABŞ-dakı Oreqon Dövlət Universitetinin tədqiqatçıları gəliblər.
Araşdırma çərçivəsində təxminən 18 il ərzində 159 min qadının sağlamlıq vəziyyəti izlənilib. Bu müddətdə iştirakçıların 451-də mərkəzi sinir sisteminin bədxassəli şişləri aşkarlanıb. Məlum olub ki, radonun ehtimal edilən təsiri artdıqca belə şişlərin yaranma riski də yüksəlir.
Radon torpaqda və süxurlarda uranın parçalanması nəticəsində əmələ gələn radioaktiv, rəngsiz və qoxusuz qazdır. O, binaların bünövrəsindəki çatlar vasitəsilə evlərə daxil ola bilər. Radioaktiv parçalanma zamanı yaranan hissəciklər hüceyrələrin DNT-sinə zərər verə bilər.
Əvvəlki tədqiqatlarda radonun ağciyər xərçəngi riskinin artması ilə əlaqəsi də müəyyən edilib. Alimlər xəbərdarlıq ediblər ki, araşdırma radonun birbaşa beyin xərçənginə səbəb olduğunu sübut etmir. Tədqiqat müşahidə xarakteri daşıdığından, aşkar edilmiş əlaqənin təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var.
Qeyd edək ki, tədqiqatın nəticələri “Neuroepidemiology” jurnalında dərc olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: