Ukraynada müharibədə 400 mindən çox rusiyalı həlak olub
Ukraynaya qarşı tammiqyaslı müharibənin başlanmasından bəri 400 mindən çox rusiyalı hərbçi həlak olub.
Bu barədə Rusiyanın dövlət statistika agentliyi Rosstatdan sızdırılmış məlumatda bildirilib.
Məlumatlar Belarus müxalifəti ilə əlaqəli "Cyber Partisans" haker qrupu və Ukraynanın "Silent Crow" kollektivinin Rosstatın məlumat bazasına müdaxiləsi nəticəsində əldə olunub. Bazada 11 milyondan çox ölüm haqqında şəhadətnamə, o cümlədən vəfat edən şəxslərin yaşı, yaşayış yeri və ölüm səbəbləri barədə məlumatlar yer alır.
Sənədlərin təhlili nəticəsində 412 576 ölüm faktının rəsmi qeydlərdə müharibə və hərbi əməliyyatlarla əlaqələndirildiyi müəyyən edilib.
Ekspertlər məlumat bazasının tam həqiqiliyini müstəqil şəkildə təsdiqləyə bilməsələr də, açıqlanan rəqəmlərin digər qiymətləndirmələrlə uzlaşdığı bildirilir. Britaniya kəşfiyyatı sentyabr ayında Rusiyanın müharibədə təxminən 500 min hərbçi itirdiyini açıqlamışdı. Rusiyanın müstəqil "Mediazona" nəşri isə indiyədək həlak olmuş 286 minə yaxın hərbçinin şəxsiyyətini müəyyənləşdirib.
Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun eksperti Yanis Kluge hesab edir ki, məlumat bazası real itkiləri tam əks etdirmir. Onun sözlərinə görə, bəzi hərbçilər itkin düşmüş, digərləri isə hələ rəsmi qeydiyyata alınmamış ola bilər. Ekspert faktiki ölüm sayının 500 minə daha yaxın olduğunu düşünür.
Məlumatlar itkilərin regionlar üzrə də qeyri-bərabər bölündüyünü göstərir. Buryatiya, Tıva və Zabaykal diyarında 18-49 yaşlı kişilər arasında müharibə ilə əlaqəli ölümlər ümumi ölüm hallarının təxminən üçdə birini təşkil edib. Moskva və Sankt-Peterburqda bu göstərici 10 faiz olub.
Ekspertin məlumatına görə, 2024-cü ilin sonu və 2025-ci ildə bəzi aylarda gündəlik itkilər təxminən 500 hərbçiyə çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: