xebermen.az

Azərbaycanın Zəfər Günü Kolumbiya mətbuatında işıqlandırılıb

Bu gün, 17:57

 

Kolumbiyanın aparıcı media platformalarından biri olan "Las2Orillas" internet nəşrində 8 Noyabr - Azərbaycanın Zəfər Gününə həsr olunmuş "Müharibədən sonra sülh qurulur:

Kolumbiya üçün Azərbaycandan bir baxış" sərlövhəli məqalə dərc olunub. Məqalədə Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyünün və suverenliyinin bərpası, eləcə də ölkəmizin müharibədən sonrakı dövrdə qarşılaşdığı əsas çağırışlar diqqətə çatdırılıb.

Yazıda 8 Noyabr - Zəfər Gününün yalnız hərbi qələbənin deyil, həm də tarixi ədalətin bərpasının, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasının və regionda dayanıqlı sülhün təmin olunması istiqamətində səylərin rəmzi olduğu vurğulanıb. Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri, yüz minlərlə keçmiş məcburi köçkünün doğma torpaqlarına qayıdışını nəzərdə tutan "Böyük Qayıdış" proqramı, habelə infrastruktur, yaşayış, təhsil, səhiyyə və iqtisadi inkişaf sahələrində görülən işlər barədə məlumat verilib.

Bununla yanaşı, mina təhlükəsinin Azərbaycanın qarşısında duran ən ciddi humanitar problemlərdən biri olaraq qaldığı qeyd edilib. Bu xüsusda, mina və partlamamış hərbi sursatların həm əhalinin təhlükəsiz qayıdışına, həm də azad edilmiş ərazilərin bərpasına mane olduğu diqqətə çatdırılıb.

Yazıda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlara da toxunulub. 8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə edilmiş razılaşmaların Cənubi Qafqazda dayanıqlı sülhün, regional əlaqələrin və iqtisadi əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

Müəllif Azərbaycan və Kolumbiyanın münaqişə tarixinin və siyasi şəraitinin fərqli olduğunu qeyd etməklə yanaşı, hər iki ölkənin təcrübəsinin müharibədən sonrakı bərpa, zərərçəkmiş əhalinin müdafiəsi, mina təhlükəsi ilə mübarizə və münaqişədən təsirlənmiş ərazilərin inkişafı baxımından müəyyən ortaq məqamlar daşıdığını bildirib.

Məqalədə vurğulanıb ki, dayanıqlı sülh yalnız hərbi əməliyyatların başa çatması və ya siyasi razılaşmalarla məhdudlaşmamalı, insanların təhlükəsiz və ləyaqətli həyatının təmin olunması, ərazilərin bərpası və gələcək nəsillər üçün inkişaf imkanlarının yaradılması ilə müşayiət olunmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30