BDYPİ: Çağırışımıza biganə qalmayın!
Hazırda ölkəmizdə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, yol nişanlarını, nişanlama xətlərini, ümumiyyətlə nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.
"Baş Dövlət Yol Polisi İdarəsi həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə əlverişsiz havalarda daha diqqətli olmağı, sürət həddini real vəziyyətə uyğun nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.
Tövsiyəmiz hər bir hərəkət iştirakçısının mənzil başına rahat və təhlükəsiz çatmasına xidmət edir. Sağlığımızı və doğmalarımızı düşünərək çağırışımıza biganə qalmayın", - məlumatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: