xebermen.az

Torpağın çıxarışı var, amma ev qanunsuzdur - Alıcıları belə aldadırlar

Bu gün, 19:35

 

Satışa çıxarılan bəzi evlərdə torpağın çıxarışının olduğu vurğulanır, lakin həmin çıxarışın əkin üçün nəzərdə tutulduğu, gələcəkdə təyinatının dəyişəcəyi ilə bağlı vədlər verilir.

Bəs görəsən, bu vədlər nə dərəcədə inandırıcıdır? Əkin üçün nəzərdə tutulan torpağın üzərində yaşayış evi tikmək qanunidir? Torpağın təyinatı ev tikəndən sonra dəyişə bilərmi? Bunun hansı riskləri var?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc açıqlamasında bildirib ki, torpağın təyinatı yaşayış sahəsi üçün nəzərdə tutulmayıbsa, orada ev tikmək və ya ev almaq risklidir:

Vüqar Oruc: "Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır"

“Əgər hər hansı bir obyektin və ya daşınmaz əmlak növünün çıxarışı varsa, onun alqı-satqısını həyata keçirməkdə heç bir problem yoxdur. Lakin burada diqqəti bir məqama yönəltmək lazımdır: Torpaq tikinti, yaşayış, yoxsa əkin təyinatlıdır? Bu, çox önəm kəsb edən məsələdir. Təyinat onun üzərində mülkiyyətçisinin həyata keçirə biləcəyi layihənin xarakterini göstərir. Yəni əgər torpaq əkin təyinatlıdırsa, oranı yalnız əkin sahəsi kimi istifadə etmək olar. Yox, əgər yaşayış sahəsidirsə, o zaman orada tikinti işləri aparıla bilər. Bu baxımdan alqı-satqı zamanı problem yaranmasa belə, alqı-satqıdan sonra torpağın üzərində hər hansı bir yaşayış təyinatlı tikinti fəaliyyətinin aparılması qanuna uyğun deyil. Həmin tikinti qanunsuz tikinti hesab olunur və ona sonradan tikinti üçün nəzərdə tutulan yaşayış təyinatlı yeni çıxarışın alınması mümkün olmur”.

İqtisadçı qeyd edib ki, torpağın təyinatı nədirsə, onun üzərində tikilən obyektin, yaxud aparılan işin təyinatı da eyni olur:

“Hər hansısa evə ayrıca çıxarış almaq olmur. Torpaq sahəsi varsa, torpaq sahəsi üzərində yaşayış təyinatlı statusu ilə çıxarış almaq mümkündür. Əkin sahəsinə fərdi yaşayış evi kimi çıxarışın alınması mümkün deyil.

Bu cür evlərdən təəssüf ki, kifayət qədər – Məmmədli, Novxanı, Masazır ərazilərində var. Kompleks şəklində, böyük bir sahəni əhatə eləyən həmin evlər bu gün də sənəd əldə etmək imkanına malik deyil. Qanunvericilik imkan vermir ki, torpağın təyinatı fərqli olduqda üzərində aparılan tikintinin statusu olsun. O baxımdan həmin evlər qanunsuz tikili hesab olunur”.

V.Oruc qeyd edib ki, heç kim torpağın təyinatının dəyişəcəyinə zəmanət verə bilməz:

“Heç kim təminat verə bilməz ki, torpağın təyinatı dəyişə biləcək. Bu, yalnız o zaman mümkün ola bilər ki, ətrafda da eyni tipli evlər olsun və nə zamansa əmlak amnistiyasında həmin torpaq sahələrinə yaşayış statusu verilsin. O halda sənəd alınması mümkündür ki, o da ki, hələ real görünmür.

Bu baxımdan belə “zəmanət”lərə inanıb, torpaq alaraq ev tikmək risklidir. İllərlə həmin tip torpaq sahələrinin üzərində ev tikən insanlar evlərini rəsmiləşdirə bilmirlər. Çünki qanun buna icazə vermir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031