xebermen.az

Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb

19-03-2026, 09:36

 

Dünya Daun Sindromu Günü ərəfəsində Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb.

Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Alena Əliyeva, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Tədbir “SOCAR Midstream Gas Operations” şirkətinin təşəbbüsü və dəstəyi, “DADDI” sosial sahibkarlıq müəssisəsinin təşkilatçılığı, bp, PAŞA Holdinq, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, YARAT Müasir İncəsənət Mərkəzi və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.

Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, SOCAR MGO-nun icraçı direktoru Polad Rüstəmov, Paşa Holdinqin Baş icraçı direktorun müavini Səidə Baxşıyeva, bp AGT-nin xarici əlaqələr şöbəsinin rəhbəri Günəş Əliyeva, DADDI Sosial Sahibkarlıq müəssisəsinin təsisçisi Məhbubə Əliyeva çıxış ediblər.

Çıxışlar zamanı daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyasının əhəmiyyəti, onların yaradıcılıq potensialının dəstəklənməsinin vacibliyi və bu istiqamətdə müxtəlif qurumlar arasında əməkdaşlığın rolu vurğulanıb.

Çıxışçılar qeyd ediblər ki, sərginin məqsədi inklüzivliyi və sosial həmrəyliyi təşviq etmək, daun sindromlu şəxslərin yaradıcılıq imkanlarını nümayiş etdirmək və onların potensialını daha geniş ictimaiyyətə təqdim etməkdir.

Tədbir çərçivəsində daun sindromlu müəlliflərin rəsm əsərlərindən ibarət satış-sərgi təşkil olunub. Satış sərgidən əldə olunan vəsait tam şəkildə müəlliflərə təqdim edilib.

Tədbirin bədii hissəsində inklüzivlik mövzusunda məhz bu tədbir üçün bəstələnmiş mahnı gənc ifaçı Əmrah Musayev və daun sindromlu şəxslərin birgə ifasında təqdim olunub. Bundan başqa, daun sindromlu iştirakçıların təqdimatında rəqs və musiqi nömrələri nümayiş etdirilib.

Sərgidə təqdim olunan əsərlər tədbir ərəfəsində YARAT Müasir İncəsənət Mərkəzində keçirilən iki günlük yaradıcılıq master-klassları çərçivəsində hazırlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930