Moskva Bakını hədələmir, amma Kiyev... - Kremldən Zelenskinin Əliyevə zənginə reaksiya gəldi
Moskva Kiyevin Rusiya ilə Azərbaycan arasında münasibətləri pozmaq və gərginlik yaratmaq cəhdlərini görür.
Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin Əliyevə zəng edərək Bakını dəstəkləməsi barədə xəbəri şərh edərkən deyib.
İyulun 1-də Moskva ilə Bakı arasında artan gərginlik fonunda Vladimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək dəstəyini ifadə edib.
Peskov bununla bağlı deyib: "Kiyev atəşə yağ tökmək, Azərbaycan tərəfini emosional hərəkətlərə təhrik etmək, emosional hərəkətləri davam etdirmək üçün hər şeyi edəcək. Bunu proqnozlaşdırmaq çox asandır".
Onun sözlərinə görə, Moskva Bakını hədələməyib və təhdid etmir.
"Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və təhdid etmir. Hadisələrin əsas səbəbi Rusiya Federasiyası ərazisində istintaq hərəkətləri və cinayətlərin, o cümlədən Azərbaycan vətəndaşlarına qarşı cinayətlərin açılması istiqamətində aparılan işlər olub", - Rusiya liderinin mətbuat katibi bildirib.
Saxlanılan Rusiya vətəndaşlarının görüntülərindən danışarkən o, Moskvanın öz vətəndaşlarının maraqlarını qoruyacağını vurğulayıb.
"Biz bütün görüntüləri gördük, bütün detallara diqqət etdik. Biz diplomatik kanallar vasitəsilə vətəndaşlarımızın qanuni maraqlarını qoruyacağıq və bunun üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik", - Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin hazırda Azərbaycanın baş prokuroru ilə daimi təmasdadır. Putinin mətbuat katibi əlavə edib ki, onlar problemli görünən məsələləri araşdırırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: