Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
Alkoqol istehlakı ən azı yeddi növ xərçəngin inkişaf riski ilə əlaqələndirilir. Bunlar döş, qaraciyər, yemək borusu, qırtlaq, boğaz, ağız boşluğu və bağırsaq (kolon və düz bağırsaq daxil olmaqla) xərçəngidir.
Bu barədə "Gazeta.Ru"ya həkim-narkoloq Ruslan İsayev məlumat verib.
O bildirib ki, alkoqol yalnız mərkəzi sinir sisteminə təsir edən psixoaktiv maddə deyil. Onun orqanizmə sistemli təsiri çoxşaxəlidir və müxtəlif orqan və funksiyalara təsir göstərir. Buna görə də ən azı yeddi növ xərçəngin inkişaf riskinin artması ilə əlaqələndirilir.
“Fakt budur ki, alkoqol bədəndə metabolizə edildikdə, asetaldehid əmələ gəlir. Bu, kanserogen təsiri sübut edilmiş, yüksək zəhərli maddə. Asetaldehid hüceyrələrin DNT-sini zədələyə, onların bərpa proseslərini poza və çoxalmanı, yəni nəzarətsiz hüceyrə bölünməsini stimullaşdıra bilər. Alkoqol ilə birbaşa təmasda olan toxumalar ağız, qırtlaq, yemək borusu, həmçinin etanol mübadiləsində fəal iştirak edən toxumalar, məsələn, qaraciyər xüsusilə həssasdır", - deyə həkim qeyd edib.
Onun sözlərinə görə, döş xərçənginə gəlincə, burada hormonal səviyyələrdə dəyişikliklər əsas rol oynayır: "Alkoqol qanda estrogen səviyyəsini artırır və estrogenin yüksək konsentrasiyası hormondan asılı döş xərçənginin inkişafı üçün əhəmiyyətli risk faktorlarından biri hesab olunur. Bu təsir orta dozada olsa da, müntəzəm olaraq spirt içən qadınlar üçün aktualdır. Risk səviyyəsi dozadan və istehlakın müntəzəmliyindən asılıdır. Xərçəng riski baxımından alkoqolun təhlükəsiz səviyyəsi yoxdur - hətta kiçik miqdarlar da prosesi başlada bilər".
Həkim vurğulayıb ki, statistika aşağıdakıları göstərir: gündə 10 q təmiz spirtin müntəzəm istehlakı (bu, təxminən bir qədəh şərab və ya 250 ml pivə içdikdə orqanizmə daxil olan spirt miqdarıdır) qadınlarda döş xərçəngi riskini təxminən 7-10% artırır. Gündə 50 q və ya daha çox istehlak edildikdə, içməyənlərə nisbətən risk 40-50% artır.
"Ağız boşluğu, qırtlaq və yemək borusu xərçəngi riski 5-10 dəfə arta bilər, xüsusən də alkoqol ilə siqaret çəkərkən bu amillər bir-birinin kanserogen təsirini qarşılıqlı şəkildə artırır”, - həkim diqqətə çatıdırb.