Bir qrup şəxsin hesabına hər ay pul köçürüləcək - Kimlər müraciət edə bilməz?
Azərbaycanda sosial həssas qrupa aid olan birinci kurs tələbələri üçün yeni təqaüd proqramına qəbul elan edilib. Proqram çərçivəsində seçiləcək 20 tələbənin hər birinə aylıq 200 manat təqaüd veriləcək.
Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun əməkdaşlığı ilə həyata keçirilən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı bakalavriat səviyyəsinin birinci kursunda əyani təhsil alan tələbələri əhatə edir.
Proqrama ixtisasından asılı olmayaraq, müəyyən edilmiş tələblərə cavab verən oğlan və qızlar müraciət edə bilərlər.
Namizədlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, ali təhsil müəssisələrinə qəbul imtahanında minimum 600 bal toplamalı, sosial həssas qrupa aid olmalı, həmçinin könüllülük, sosial və digər dərsdənkənar fəaliyyətlərdə aktiv iştirak etməlidirlər.
Bununla yanaşı, namizədlər ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü olmalı, əlilliyi müəyyən edilmiş şəxs, valideynlərini itirmiş və ya uşaq evində böyümüş şəxs kateqoriyasına uyğun gəlməlidirlər.
Digər şərtə əsasən, namizədin hər iki valideyni (tək valideyni olduqda həmin şəxs) əlilliyi müəyyən edilmiş, işsiz kimi qeydiyyatda olan, yaxud iş yeri olmadan yaşa görə əmək pensiyası və ya sosial müavinət alan şəxslər kateqoriyasına aid olmalıdır.
Qeyd edək ki, sosial meyarlara cavab verən tələbələrin seçimində qəbul imtahanında topladıqları bal da nəzərə alınacaq.
Proqrama qəbul onlayn müraciət, qiymətləndirmə və müsahibə olmaqla üç mərhələdə həyata keçiriləcək. Qiymətləndirmə zamanı namizədlərin sosial vəziyyəti, akademik göstəriciləri və motivasiya məktubu nəzərə alınacaq. Yekun seçimdə isə müsahibə mərhələsinin nəticəsi əsas götürüləcək.
Müraciətlər 17 noyabr 2026-cı il tarixinədək qəbul ediləcək. Proqramda iştirak etmək istəyənlər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun digər təqaüd proqramlarından yararlanmış şəxslər bu proqrama müraciət edə bilməzlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: