xebermen.az

Böyük həcmdə fərdi məlumatların sızması baş verir: MKA-dan xəbərdarlıq

Bu gün, 19:01

 

Son dövrlərdə beynəlxalq və regional miqyasda dövlət, özəl qurumların informasiya sistemlərində baş verən təhlükəsizlik insidentləri nəticəsində böyük həcmdə fərdi məlumatların sızması halları müşahidə olunur.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.

Qeyd olunub ki, bu hadisələr fərdi məlumatların mühafizəsi sahəsində mövcud risklərin vaxtında müəyyən edilməsinin və qabaqlayıcı mühafizə tədbirlərinin gücləndirilməsinin vacibliyini bir daha göstərir.

"MKA-nın fərdi məlumatların mühafizəsinin təmin edilməməsi halları ilə bağlı apardığı araşdırmalar göstərir ki, onların sızmasına şərait yaradan əsas amillər sırasında informasiya sistemlərində mühafizə tədbirlərinin yetərli səviyyədə tətbiq edilməməsi, zəruri yenilənmələrin vaxtında aparılmaması, sistemlərə girişin və fərdi məlumatlara çıxış səlahiyyətlərinin düzgün idarə olunmaması, üçüncü tərəf xidmət təminatçıları ilə münasibətlərdə mühafizə öhdəliklərinin dəqiq müəyyənləşməməsi və onların icrasına nəzarətin zəifliyi, habelə fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin vaxtında aşkarlanaraq aradan qaldırılmaması yer alır.

Bununla əlaqədar Agentlik fərdi məlumatların mülkiyyətçilərini və operatorlarını mövcud təşkilati və texniki mühafizə tədbirlərinin effektivliyini qiymətləndirməyə və müəyyən edilmiş risklər nəzərə alınmaqla həmin tədbirləri gücləndirməyə çağırır.

Qurum xatırladır ki, fərdi məlumatların toplanılması və işlənilməsi onların mühafizəsinin təmin edilməsi öhdəliyini də yaradır:

"Fərdi məlumatların işlənilməsinin üçüncü tərəflərə həvalə edilməsi qanunvericiliklə müəyyən edilmiş mühafizə öhdəliklərini aradan qaldırmır. Bu öhdəliklərin pozulması qanunvericilikdə nəzərdə tutulmuş hallarda inzibati məsuliyyətə səbəb ola bilər.

Agentlik fərdi məlumatların mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını diqqət mərkəzində saxlayır və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür".

Açıqlamada vurğulanıb ki, fərdi məlumatların etibarlı mühafizəsi yalnız qanunvericilik tələbi deyil, həm də vətəndaşların hüquqlarının qorunması və rəqəmsal xidmətlərə etimadın təmin edilməsi üçün mühüm şərtdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30