xebermen.az

Vətən müharibəsinin 42-ci günü: 16 kənd işğaldan azad edilir

7-11-2024, 09:39

 

2020-ci il noyabrın yeddisi, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin qırx ikinci günü.

Qarabağın açarı Şuşa uğrunda şiddətli döyüşlər gedir.

Prezident İlham Əliyev "X" hesabında xalqa növbəti müjdəni verir:

"Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarxac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli,

Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Elə həmin gün Qarabağda savaş başlayandan etibarən Azərbaycana mənəvi-siyasi dəstəyini əsirgəməyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli ictimaiyyətə müraciətində müharibənin gedişindən danışır və Azərbaycanın zəfərə yaxınlaşdığını diqqətə çatdırır:

"Bu səhər İlham Əliyev qardaşımla danışdım, hazırkı vəziyyətlə bağlı məlumatı birbaşa ondan aldım. Əlhəmdülillah, xoş hadisələrlə bağlı məlumatı özündən eşidincə lap sevindik. İnşallah, zəfərə yaxınlaşırıq. 30 il işğal altındakı ərazilərdən ayrı qaldılar. Amma indi işğal altındakı torpaqlarına qovuşurlar".

Lakin məğlubiyyət astanasında olan düşmən yenə də müharibə cinayətlərindən əl çəkmir. Həm ordumuza məxsus pilotsuz uçuş aparatlarının (PUA) hərəkətinə mane olmaq üçün fosforlu bombalardan istifadə edir, həm də dinc əhalimizi artilleriya və raket atəşinə tutur. Səhər saatlarından etibarən hücuma məruz qalan Bərdənin Yeni Əyricə kəndində yerləşən fərdi yaşayış evinə mərmi düşür, həmin vaxt evin həyətində olan 2004-cü il təvəllüdlü Şahmalı Ətraf oğlu Rəhimov həlak olur. Azğın düşmən gün ərzində Tərtər şəhərini və rayonun Əskipara, Qəzyan və Hüsənli kəndlərini, Ağcabədinin Yuxarı Qiyaməddinli kəndini, Ağdamın Çullu və Çıraqlı kəndlərini artilleriya atəşinə tutur. Əskipara kəndində fərdi yaşayış evinin yaxınlığına mərmi düşməsi nəticəsində bir nəfər kənd sakini xəsarət alır.

Təbii ki, düşmənin bu cinayətləri cavabsız qalmır. Heç bir təxribata uymayan ordumuz düşmənin bütün terror aktlarının, hərbi cinayətlərinin cavabını yenə də döyüş meydanında verir. Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağ-atıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində xeyli sayda şəxsi heyəti, avtomobil texnikası və minaatanları məhv edilir. Ordumuzun həyata keçirdiyi digər əməliyyat nəticəsində düşmənin 6-cı dağ-atıcı alayının bir taborunun şəxsi heyəti arasında itkin düşənlər olur, artilleriya divizionunda isə bir batareyanın topları sıradan çıxarılır.

Döyüşlər başlayandan indiyədək canlı qüvvə baxımından ağır itkilərə məruz qalan, buna görə də bir müddət əvvəl yerli sakinlər və Ermənistandan cəlb edilən könüllülərlə gücləndirilmiş düşmənin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq darmadağın olunur. Qalan xüsusi təyinatlılar tutduqları mövqeləri tərk edərək geri çəkilməyə məcbur edilirlər. Döyüşlərə cəlb olunan Ermənistan silahlı qüvvələrinin 178-ci əlahiddə kəşfiyyat taborunda şəxsi heyətin bir hissəsi bölmələrimiz tərəfindən məhv edilir. Əsasən, cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edən döyüşlərdə xeyli sayda şəxsi heyət və hərbi texnika itkisi verən düşmən bir qədər də geriyə çəkilməyə məcbur edilir.

Beləliklə, müharibənin qırx ikinci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930