Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər.
Mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasını tövsiyə edirlər.
Bildirilir ki, tiroid vəzi tərəfindən ifraz olunan T3 və T4 hormonları maddələr mübadiləsinin tənzimlənməsində mühüm rol oynayır. Bu hormonlar enerji sərfiyyatı, böyümə və inkişaf, tənəffüs və digər mühüm proseslərə təsir göstərir.
Türkiyəli professor Hakan Yabanoğlu tiroid xərçəngi hallarının son illərdə artdığını bildirib. Onun sözlərinə görə, xəstəliyin yaranmasında genetik meyillilik mühüm amillərdən biridir.
Xüsusilə ailəsində tiroid xərçəngi olan şəxslərin daha diqqətli olması tövsiyə edilir. Uşaqlıq və ya gənclik dövründə baş-boyun nahiyəsinin radiasiyaya məruz qalması da xəstəliyin məlum risk faktorları arasında göstərilir.
Tiroid xərçəngi çox vaxt səssiz inkişaf etdiyi üçün xəstələr əksər hallarda boyun nahiyəsində hiss etdikləri kütlə ilə bağlı həkimə müraciət edirlər. Boynun ön və ya yan hissəsində yeni yaranan şişkinlik, getdikcə böyüyən düyün və ya sərt struktur mütləq həkim tərəfindən qiymətləndirilməlidir.
Boğaz ağrısı və öskürək isə hər zaman tiroid xərçənginə işarə etmir. Lakin nadir hallarda səs tellərinə yaxın nahiyədə yaranan şişlər davamlı səs tutulmasına səbəb ola bilər.
Xəstəliyin qiymətləndirilməsində fiziki müayinə və ultrasəs müayinəsi mühüm yer tutur. Ultrasəs zamanı tiroid vəzindəki düyünlərin ölçüsü, quruluşu və şübhəli xüsusiyyətləri araşdırılır. Zəruri hallarda biopsiyası da aparıla bilər.
Tiroid xərçəngi təsdiqləndikdə müalicə xəstəliyin növü və mərhələsinə, şişin ölçüsünə və yayılma vəziyyətinə uyğun müəyyənləşdirilir. Bir çox hallarda əsas müalicə üsullarından biri cərrahi müdaxilədir. Əməliyyat zamanı tiroid vəzinin bir hissəsi və ya tamamı çıxarıla bilər.
Mütəxəssislər bildirirlər ki, hər kəs üçün müəyyən edilmiş standart tiroid xərçəngi skrininq yaşı yoxdur. Bununla belə, ailəsində xəstəlik keçmişi olan şəxslərin həkim nəzarətində olması vacibdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: