Azərsunda əmək hüquqlarının pozulması iddiası: Dövlət Əmək Müfəttişliyi araşdırmaya başlayıb
Azərsun Holdinqdə bölmə rəisi vəzifəsində çalışmış Zahid Ələsgərov əmək hüquqlarının pozulduğunu iddia edir.
Onun sözlərinə görə, əmək müqaviləsinə ştat ixtisarı əsasında xitam verildikdən sonra son əməkhaqqından 420 manat tutulub. Ələsgərov bu tutulmanın səbəbi və hüquqi əsası ilə bağlı ona hər hansı sənəd və ya yazılı izahat təqdim edilmədiyini bildirir.
Şikayətçi, həmçinin ştat ixtisarı ilə işdən azad olunması zamanı qanunvericilikdə nəzərdə tutulan bəzi təminat və kompensasiyaların tam ödənilmədiyini iddia edir.
Ələsgərov məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib. Müraciətin icraata götürüldüyü və araşdırmaya başlanıldığı bildirilir.
Bundan başqa, şikayətçi bəzi əməkdaşların onunla əlaqə saxlayaraq şikayətindən imtina etməsini tələb etdiyini və bu söhbətlər zamanı təhdid xarakterli ifadələrin səsləndiyini də iddia edir. Bu iddiaların doğruluğu aidiyyəti qurumların araşdırmasının nəticəsindən asılıdır.
Məsələ ilə bağlı Azərsun Holdinqə rəsmi sorğu göndərilərək əmək müqaviləsinə xitam verilməsi və əməkhaqqından 420 manat tutulmasının hüquqi əsasları barədə açıqlama istənilib. Sorğuya cavab verilmədiyi bildirilir.
Qeyd edək ki, yazıda səsləndirilən məlumatlar Zahid Ələsgərovun iddialarına əsaslanır. Araşdırmanın yekun nəticəsi məlum deyil. Azərsun Holdinqin mövqeyi təqdim olunacağı təqdirdə, həmin açıqlama da dərc ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: