Estetik və plastik əməliyyatlara qadağa gəlir?
Azərbaycanda estetik və plastik əməliyyatlara qadağa qoyulacağı haqda xəbər yayılıb. Məlumatı Vətəninfo.az saytı yayıb. Xəbərdə bildirilir ki, ölkədə tibbi sahədə həyata keçirilən sərt tənzimləmələr və islahatlar çərçivəsində ümumi cərrahların fəaliyyət dairəsinə ciddi məhdudiyyətlər gətirilib. Bundan sonra ümumi cərrahlar heç bir estetik və plastik əməliyyat həyata keçirə bilməyəcək və bu sahədə onların fəaliyyəti tamamilə qadağan olunacaq.
Sayt yazır ki, bu qərara qədər ümumi cərrahların müəyyən şərtlər daxilində və xüsusi hazırlıq keçməklə yerinə yetirə bildikləri bəzi plastik və rekonstruktiv cərrahiyyə əməliyyatları mövcud idi. Lakin yeni qaydalara əsasən, həmin əməliyyatların da ümumi cərrahlar tərəfindən icrasına son qoyulur. Mənbənin iddiasına görə, aşağıda adları çəkilən və vaxtilə (əgər törəmə səbəbindən aparılarsa, həmçinin 2024-cü ilə qədər müvafiq təhsil almış və cərrahi profil üzrə fəaliyyət göstərən həkim-onkoloqlar tərəfindən icra edilə bilən) müəyyən istisnalarla ümumi cərrahların edə bildiyi bütün bu əməliyyatlar bundan sonra ümumi cərrahlar üçün qəti şəkildə qadağan olunur:
Qeyd edək ki, indiyə qədər yalnız xüsusi hazırlıq keçmiş cərrahların icra etməsinə icazə verilən bu növ müdaxilələr artıq ümumi cərrahiyyə ixtisasının səlahiyyətlərindən tamamilə çıxarılır.
Bəs Azərbaycanda estetik və plastik əməliyyatlara qadağa qoyulsunmu?
Bununla bağlı professor Adil Qeybulla Musavat.com-a danışıb. O qeyd edib ki, estetik və plastik əməliyyatlara meyl cəmiyyətdə hiss olunan bir sosial sifarişdən qaynaqlanır: "İnsanlar sanki bir-biri ilə bəhsə girir, bir-birini nümunə götürür və ya müəyyən komplekslər yaşadıqları üçün estetik əməliyyatlara üz tuturlar”.
Onun sözlərinə görə, xaricdə isə vəziyyət belə deyil: “Məsələn, dünyanın heç bir yerində kütləvi rinoplastika əməliyyatları ilə qarşılaşmırsınız. Xaricdə küçədə gəzərkən çox az insanda rinoplastika və ya digər estetik əməliyyatların izlərini görərsiniz. Çünki orada estetik əməliyyatlara, əsasən, ciddi və tibbi baxımdan əsaslandırılmış narahatlıqlar olduqda müraciət edilir. Məsələn, burnun kəskin deviasiyası, xarici burunda və burun çəpərində ciddi problemlər, üzdə müəyyən qüsurların olması, sifətə ciddi deformasiya və ya eybəcərlik gətirən hallar, süd vəzilərinin ölçülərinin ciddi şəkildə fərqlənməsi və digər bu kimi vəziyyətlər estetik və ya rekonstruktiv əməliyyatlara göstəriş hesab oluna bilər”.
Adil Qeybulla deyib ki, bizdə bəzən bu göstərişlər insanların sadəcə daha gözəl görünmək istəyindən irəli gəlir: “Nəticədə insanlar bir-birinə oxşamağa başlayırlar. Xüsusilə də qadınlar arasında bunu daha çox müşahidə etmək mümkündür".
Adil Qeybulla hesab edir ki, burada əsas problemlərdən biri klinik protokolların və ciddi qaydaların yetərincə tətbiq olunmamasıdır: "Məsələn, xəstəyə liposaksiya edilir, bədəndən bir neçə litr piy toxuması çıxarılır, daha sonra abdominoplastika və ya konturplastika həyata keçirilir. Bu əməliyyatların ard-arda aparılması nəticəsində xəstədə ciddi elektrolit və maye çatışmazlığı yarana bilər. Əgər belə xəstələr lazımi müddətdə müşahidə altında saxlanılmadan, bir-iki gün sonra evə buraxılırsa, dehidrasiya və elektrolit balansının pozulması kimi ağırlaşmalar baş verə, hətta ölümə səbəb ola bilər. Məsələn, yaxın vaxtlarda üç uşaq anasının belə bir əməliyyatdan sonra həyatını itirməsi ilə bağlı hadisə də cəmiyyətdə ciddi narahatlıq yaratdı. Çox vaxt belə xəstələrin əməliyyatdan əvvəl lazımi səviyyədə müayinə və qiymətləndirilmədiyini də görürük. Ona görə də hesab edirəm ki, estetik əməliyyatlara müəyyən sərhədlər qoyulmalıdır".
Professor vurğulayıb ki, eyni zamanda, cəmiyyətdə ciddi maarifləndirmə işi aparılmalıdır: "İnsanlar psixoloqdan keçməlidirlər. Psixoloq qiymətləndirməlidir ki, şəxsin həqiqətən bu əməliyyata ehtiyacı varmı, yoxsa qərar hər hansı kompleksin, sosial təzyiqin və ya ətrafdakı insanlara bənzəmək istəyinin nəticəsidir. Bəzi hallarda isə insanı bu əməliyyata ehtiyac olmadığına inandırmaq belə lazım gəlir. Xaricdə də bu məsələlərə daha sistemli yanaşılır. Bir də çalışmalıyıq ki, millət olaraq insanları xarici görünüşümüzlə deyil, intellektimizlə təəccübləndirək. Məncə, bizim üçün əsas motivasiya və kompleks də bu olmalıdır. Əgər belə bir yanaşma formalaşsa, düşünürəm ki, zamanla estetik əməliyyatlara olan bu həddindən artıq meyl də dəyişə bilər".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: