xebermen.az

Paşinyan Azərbaycana gələcək? - Yekun sülh müqaviləsi üçün sensasion məkan

Bu gün, 10:39

 

Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması məsələsi artıq növbəti mərhələyə keçir. Vaşinqtonda sülh mətninin paraflanmasından sonra əsas diqqət sənədin təkcə nə zaman deyil, həmçinin, harada və hansı siyasi formatda imzalanacağına da yönəlib.

Azərbaycan-Ermənistan sərhədində tarixi imza mərasiminin keçirilməsi mümkündürmü?

Bu barədə politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a danışıb. O bildirib ki, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması Ermənistanın Konstitusiyasına mümkün dəyişikliklərlə bağlı referendum prosesindən sonra daha real görünür: " Düşünürəm ki, Ermənistan hökuməti bu istiqamətdə konstitusiya referendumuna gedəcək və bununla bağlı müəyyən hüquqi və siyasi mexanizmləri tətbiq edəcək. Hər kəsə məlumdur ki, sülh sazişinin mətni ABŞ Prezidentinin iştirakı ilə Vaşinqtonda paraflanıb. Bu hadisəni ABŞ-ın Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlanğıcı kimi də qiymətləndirmək olar. Eyni zamanda, Vaşinqtonda Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın yeni xəritəsini müəyyənləşdirən sənədlərin imzalanması da regionda yeni geosiyasi mərhələnin formalaşdığını göstərir. Əsas məqam ondan ibarətdir ki, yekun sülh müqaviləsi strateji xarakter daşıyan sənəd olacaq və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün institusional əsaslarını formalaşdıracaq. Ona görə də ABŞ tərəfinin yekun sülh müqaviləsinin də Vaşinqtonda, hətta Oval Ofisdə imzalanmasında maraqlı olması mümkündür".

Politoloq sensasion məkan də göstərdi: "Hesab edirəm ki, yekun sülh müqaviləsinin Azərbaycanda, məsələn, Qəbələdə imzalanması da mümkündür. Ermənistanın baş naziri Azərbaycana səfər edərək bu sənədi Azərbaycan Prezidenti ilə birlikdə imzalaya bilər. Digər variant isə müqavilənin Azərbaycan-Ermənistan dövlət sərhədində, delimitasiya və demarkasiya prosesindən keçmiş ərazidə imzalanmasıdır. Məncə, sonuncu variant siyasi baxımdan xüsusi əhəmiyyət daşıya bilər. Çünki sülh müqaviləsində hər hansı üçüncü dövlətin qarant kimi çıxış etməsi nəzərdə tutulmursa, sülh mətninin artıq paraflanması ilə vasitəçilik mərhələsi faktiki olaraq başa çatmış hesab edilə bilər. Bu halda yekun sənədin iki dövlətin öz siyasi iradəsi əsasında imzalanması daha məqsədəuyğun görünür.

Azərbaycan və Ermənistan liderlərinin məhz delimitasiya və demarkasiya olunmuş dövlət sərhədində yekun sülh müqaviləsini imzalaması iki ölkə arasında qarşılıqlı etimadın formalaşması baxımından mühüm siyasi mesaj olardı. Bu, həm də göstərərdi ki, Azərbaycan və Ermənistan öz aralarında yaranmış problemləri üçüncü dövlətin qarantlığına ehtiyac olmadan həll etmək iqtidarındadır.

Belə bir yanaşmanın gələcəkdə də mühüm siyasi əhəmiyyəti ola bilər. Ermənistanda hakimiyyət dəyişikliyi baş verdiyi halda sülhün hansısa üçüncü dövlətin vasitəçiliyi və ya təminatı ilə əldə edildiyi deyil, iki dövlətin siyasi iradəsi və birbaşa razılaşması əsasında formalaşdığı vurğulana bilər. Hesab edirəm ki, Prezident İlham Əliyev də bu kontekstdə yekun sülh müqaviləsinin Azərbaycan-Ermənistan sərhədində imzalanmasına müsbət yanaşa bilər. Ermənistan tərəfinin də belə bir təklifə prinsipial olaraq etiraz etməsi üçün ciddi əsas görmürəm. Bu baş tutarsa, sübhəsiz ki, Azərbaycan və Ermənistan arasında yeni münasibətlər mərhələsinin simvolik başlanğıcı olacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31