Həlledici gün: Tramp və Harris qələbəni hansı yolla təmin edə bilər? - MÜMKÜN SSENARİLƏR
Bu gün ABŞ-da keçirilən prezident seçkilərində respublikaçı Donald Trampın, yoxsa demokrat Kamala Harrisin qalib gələcəyini proqnozlaşdırmaq çətindir. Son sorğuların nəticələri hər iki namizədin bərabər olduğunu göstərir. Gözləntilərə görə, nəticələrdə həlledici amil “yelləncək ştat” hesab olunan 7 ştatdakı səsvermə olacaq.
Trampın, yaxud Harrisin qalib gəlməsi üçün Seçkilər Kollegiyasındakı 538 seçici səsindən ən azı 270-ni əldə etmələri lazımdır. ABŞ seçki sisteminə görə, prezident ümumxalq səsverməsi ilə yox, 538 nəfərdən ibarət Seçicilər Kollegiyası tərəfindən seçilir. Hər bir ştatın “seçici sayı” ABŞ Konqresində nümayəndələrinin sayı qədərdir. Misal üçün, Miçiqan ştatının Seçicilər Kollegiyasının 15 səsi var. Bu, ştatın Nümayəndələr Palatasındakı 13, Senatdakı iki təmsilçisinin sayı qədərdir. Hər bir ştat qanunverici orqanda nümayəndələrinin sayı qədər səsə malikdir. Hər bir ştatda hansı namizəd qalib gəlirsə, o ştatın “seçici sayı”nı da qazanır.
Əksər ştatların dəstəklədiyi partiyalar öncədən bəllidir. Seçkinin nəticəsini adətən “yelləncək ştatlar” müəyyən edir. Bu seçkidə 93 seçici səsi olan 7 ştat həlledici olacaq:
- Pensilvaniya: 19;
- Corciya: 16;
- Şimali Karolina: 16;
- Miçiqan: 15;
- Arizona: 11;
- Viskonsin: 10;
- Nevada: 6;
Kamala Harris necə qalib gələ bilər?
Harrisin Kalifoniya (54), Nyu-York (28) və İllinoys (19) da daxil olmaqla, 19 ştatdan və Kolumbiya dairəsindən ən azı 226 seçici səsini təmin edəcəyi proqnozlaşdırılır. O, qalib gəlmək üçün lazım olan 270 seçici səsini təmin etməsi üçün 93 “yelləncək seçici səsi”ndən ən azı 44-nü əldə etməlidir. Pensilvaniya (19), Corciya (16) və Şimali Karolinada (16) lazımi nəticəni toplaya biləcəyi ehtimal edilir. Buna nail olarsa, 51 seçici səsi ilə prezidentliyi təmin edə bilər.
Riyazi hesablamaya görə, Harris üçün 7 “yelləncək ştat”ın üçündə qalib gəlmək 270 Seçicilər Kollegiyasının səsini əldə etmək deməkdir.
Donald Tramp necə qalib gələ bilər?
Trampın Texas (40), Florida (30) və Ohayo (17) da daxil olmaqla, 24 ştatdan ən azı 219 seçici səsini təmin edəcəyi proqnozlaşdırılır. Ona 270 seçici səsinə çatmaq üçün 93 “yelləncək seçici səsi”ndən ən azı 51-ni əldə etmək lazımdır. Demokratlar kimi, respublikaçılar üçün də ən asan yol Pensilvaniya (19), Corciya (16) və Şimali Karolinanı (16) qazanmaq və 51 seçici səsini əldə edərək, prezidenliyi təmin etməkdir. Tramp bu üç ştatın hamısında qalib gələ bilməsə, o zaman, 7 “yelləncək ştat”dan ən azı 4-də qazanmalıdır.
Amerikalı analitiklər başabaş mübarizənin getdiyi seçki marafonunda əsas həlledici ştat kimi Pensilvaniyanı qiymətləndirirlər. Buna görə hər iki namizəd Pensilvaniyada reklama 360 milyon dollar xərcləyib. Ekspertlər seçki mübarizəsinin bərabər bitəcəyini də proqnozlaşdırır. Bərabərlik olarsa, o zaman, ABŞ Konqresinin Nümayəndələr palatasında çoxluğa malik olan partiya Ağ Evə yiyələnəcək. Bu ssenaridə qələbənin Nümayəndələr Palatasında çoxluğa sahib olan respublikaçıların olacağı bəllidir.