xebermen.az

ABŞ-Ermənistan strateji sənədində Azərbaycana qarşı nələr var? - DETALLAR

15-01-2025, 16:51

ABŞ və Ermənistan arasında imzalanan strateji sənədin birbaşa Azərbaycana qarşı yönəlmədiyi, Vaşinqtonun Tehran və Moskva ilə mübarizə planlarından qaynaqlandığı bəllidir . Lakin Azərbaycan üçün problemli məsələ Ermənistanı platforma seçən Bayden Administrasiyasının regional siyasətini erməni maraqları kontekstində tətbiq etməsi və İrəvanın Bakı ilə danışıqlarda Vaşinqtonun dəstəyini əldə etməsidir.

Bunu strateji sənədin mətnində aydın görmək olar. Preambula və V bölmədən ibarət olan sənədin “Əməkdaşlıq prinsipləri” adlı 1 bölməsində bu, öz əksini tapır. Sənəddə qeyd olunur:

- “Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh prosesini, o cümlədən 1991-ci il Almatı Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası prosesini dəstəkləyir.
- “Birləşmiş Ştatlar Cənubi Qafqazda ölkələrin suverenliyi və yurisdiksiyası əsasında regional nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını dəstəkləyir”.

Bu iki məsələ Bakı-İrəvan danışıqlarında əsas ziddiyyətli və prinsipial məqamdır.

1. Sərhədin delimitasiyasının Alma-Ata Bəyannaməsinə əsaslanması SSRİ dağılanda mövcud xətlərin əsas götürülməsi deməkdir və bu, Ermənistana sovetləşmə başlayandan 80-ci illərə qədər ermənilərə verilən Azərbaycan əraziləri üzərində legitimlik qazandırır, həmçinin, İrəvanın sərhəddə “güzgü prinsipi” təklifini – ordumuzun çıxdığı strateji yüksəkliklərdən geri çəkilməsi – aktuallaşdırır;

2. Kommunikasiyanın “suverenlik prinsipi” əsasında açılması Zəngəzur dəhlizi layihəsinə qarşıdır və bu, həm də “dəhliz” məntiqinə qarşı irəli sürülən alternativləri – Kalininqrad dəmir yolu xətti və s. - də arxa plana keçirə bilər;

Bayden Administrasiyası hər iki məsələdə Ermənistanın mövqeyindən çıxış edirdi. Strateji sənədin imzalanması ilə bu siyasət rəsmiləşdi və Trampa “miras” olaraq verildi.

Əsas narahatlıq yaradan məqamlardan biri də sənəddə əksini tapan “ABŞ Dağlıq Qarabağdan didərgin düşmüş şəxslərə və qaçqınlara yardım göstərməkdə Ermənistana dəstəyi davam etdirməyi planlaşdırır” qeydidir. Bu, “erməni qaçqınlar” mövzusunun davam etdirilməsini, Azərbaycana qarşı ittihamları və Qarabağ məsələsini də aktual olaraq saxlayır.

Bu baxımdan, Ermənistanla strateji sənəd Vaşinqtonun İran və Rusiyaya qarşı qlobal mübarizəsinin regional komponenti olsa da, Azərbaycanın da maraqlarına uyğun deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30