Süni intellekt 2 500 illik məzarların sirrini açdı: İnsanları transa salırmış
ABŞ və Böyük Britaniyadan olan alimlər İtaliyada e.ə. V əsrə aid iki etrusk məzarını öyrənmək üçün süni intellekt və akustik analizdən istifadə ediblər.
İşin nəticələri "Journal of Archaeological Method and Theory" jurnalında dərc olunub.
Tədqiqat göstərib ki, bu dəfn tikililəri sadəcə məqbərə deyil, qədim ziyarətçilərdə transa bənzər vəziyyət yarada bilən mürəkkəb "sensor maşınlar" ola bilərdi.
Alimlər komandası içəri daxil olanların ilk növbədə nəyə diqqət yetirdiklərini təhlil etmək üçün kompüter görmə alqoritmlərindən istifadə edib. Eyni zamanda, səsin necə yayıldığını və insana necə təsir etdiyini anlamaq üçün məzarların daxilində akustik parametrləri ölçüblər. Məlum olub ki, tədqiq edilən iki məzar - "Xoruz məzarı" və "Mavi demonlar məzarı" - ziyarətçilərə köklü şəkildə fərqli təcrübələr yaşadıb.
Belə ki, kiçik "Xoruz məzarı"nda səs boğuq olub, ziyarətçinin baxışı isə rənglənmiş təsvirlərin birindən digərinə rəvan şəkildə yönəlib. Alimlərin fikrincə, bu, əcdadların xatirəsini və sosial iyerarxiyanı möhkəmləndirməli olan sakit və nizamlı ritual effekti yaradıb. "Mavi demonlar məzarı"nda isə tamamilə fərqli mənzərə ilə qarşılaşılırdı - burada hündür tağları olan nəhəng kamera yerləşirdi. Akustik ölçmələr aşağı tezliklərdə reverberasiya müddətinin 7,5 saniyəyə çatdığını göstərib ki, bu da ən böyük kilsələrin akustikası ilə müqayisə edilə bilər.
Divarlardan birində nəhəng mavi demon təsvir olunub və süni intellekt alqoritmlərinə görə, bu təsvir dərhal diqqəti özünə cəlb edir. Güclü uğultu isə qədim insanda ciddi stres və dezorientasiya yaratmağa hesablanıb. Şok keçdikdən sonra ziyarətçi arxa divarın yerləşdiyi zonaya düşürdü və burada aşağı tezlikli uğultu onu trans vəziyyətinə sala bilərdi. Bununla da ziyarətçi ölülər dünyasına keçidə simvolik olaraq hazırlanırdı.
Alimlərin fikrincə, bu kəşf etruskların qavrayış psixologiyası haqqında dərin biliklərə malik olduqlarını və bu biliklərdən öz hakimiyyətlərini möhkəmləndirmək, eləcə də mürəkkəb dini mərasimlər keçirmək üçün istifadə etdiklərini sübut edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: