xebermen.az

Qiyamət günü əslində nə vaxt olacaq? - 5 böyük əlamət

Bu gün, 12:34

 

Amerikalı astronomlar Yerin təxminən 5 milyard il sonra məhv ola biləcəyini açıqlayıblar. Elm bunu Günəşin gələcəkdə qırmızı nəhəngə çevrilməsi ilə əlaqələndirir. Bəs dinin yanaşması necədir? Doğrudanmı qiyamət 5 milyard il sonra baş verəcək? Ümumiyyətlə, islamda qiyamətin yaxınlaşmasının hansı əlamətləri qeyd olunur?

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib ki, istər elmi, istərsə də dini əsaslarla Qiyamət bir gün mütləq baş verəcək:

“Amma nə vaxt və nə zaman baş verəcəyi haqqında heç kəs dəqiq bir tarix söyləmək iqtidarında deyil. Qurani-Kərimin bir ayəsində Uca Rəbbimiz belə buyurur: “Səndən Qiyamətin nə vaxt qopacağını soruşurlar. De: “Onun elmi yalnız Rəbbimin yanındadır. Onu vaxtında yalnız O aşkar edəcək…” (Əraf, 7:187)

Ayədən də göründüyü kimi, Qiyamətin vaxtı və elmi yalnız Allahın elminə məxsusdur. Digər bir ayədə isə Rəbbimiz belə buyurur: “Həqiqətən, Qiyamət saatının elmi Allahın yanındadır…” (Loğman, 31:34)

Biz Qiyamətin qopacağına mütləq olaraq inanırıq, amma nə vaxt qopacağı haqqında heç bir bilgiyə sahib deyilik”.

İlahiyyatçı bildirib ki, Qurani-Kərimdə və hədislərdə Qiyamət öncəsi baş verəcək kiçik və böyük əlamətlərdən bəhs edilir:

“Kiçik əlamətlər:

Dini biliklərin zəifləməsi, cəhalətin yayılması, insanların dünyaya və mala həddindən artıq bağlanması. Yalanın, xəyanətin və haram qazancın çoxalması. Əmanətə xəyanətin və etibarsızlığın yayılması.

Zülm və haqsızlığın geniş yayılması. Qohumluq əlaqələrinin kəsilməsi. Valideynə hörmətsizliyin artması. Günahların açıq şəkildə işlənməsi və adi qəbul edilməsi.

Namaza və dini vəzifələrə laqeydliyin artması. Alimlərin azalması, dini məsələlərdə bilgisiz insanların önə çıxması.

İnsanların zahirə önəm verib mənəviyyatdan uzaqlaşması.

Fitnə, qarşıdurma və ixtilafların çoxalması. Ölüm və müxtəlif müsibətlərin artması barədə rəvayətlər.

Yaxşılığın qəribə, pisliyin isə normal qarşılandığı bir mühitin yaranması”.

İlahiyyatçı deyib ki, böyük əlamətlər isə bunlardır:

“Cəfəri (İmamiyyə) mənbələrində Qiyamətin əlamətlərindən əlavə, İmam Mehdinin (ə.f.) zühurundan əvvəl baş verəcək əlamətlər geniş şəkildə nəql olunub. Bunların içində beşi xüsusilə qəti əlamətlər kimi məşhurdur:

Süfyaninin çıxması – Şam bölgəsində Süfyani adlı şəxsin ortaya çıxacağı və böyük fitnə yaradacağı rəvayət edilir.

Yəmaninin qiyamı – Yəmən tərəfdən Yəmani adlı şəxsin ortaya çıxacağı bildirilir. Bəzi İmamiyyə rəvayətlərində onun insanları haqq yola çağıracağı qeyd olunur.

Səmadan nida (səma səsi) – Ramazan ayında insanların eşidəcəyi fövqəladə bir çağırışın baş verəcəyi rəvayət edilir. Bu hadisə İmam Mehdinin (ə.f.) zühuru ilə əlaqələndirilir.

Nəfsi-Zəkiyyənin öldürülməsi – “Nəfsi-Zəkiyyə” adlandırılan saleh bir şəxsin Məkkədə, Məscidül-Həram yaxınlığında öldürüləcəyi rəvayət edilir.

Beyda hadisəsi – ordunun yerə batması – Süfyaninin göndərdiyi ordunun Məkkə ilə Mədinə arasındakı Beyda adlı ərazidə yerə batacağı bildirilir.

Allah aqibətimizi gözəl, axirətimizi xeyir etsin”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31