Xalq artisti İlhamə Quliyevanın doğum günüdür
Azərbaycan Respublikasının Xalq artisti, müğənni İlhamə Quliyevanın doğum günüdür.
İlhamə Quliyeva 1943-cü ildə Lənkəran şəhərində anadan olub.
Atası prokuror Məzahir Quliyev, anası xanəndə Tükəzban İsmayılovadır. Atasının işi ilə əlaqədar 5 yaşına qədər Şəkidə yaşayıb. Lakin bir müddət sonra onun valideynləri ayrılıblar. Tükəzban İsmayılova tarzən Həbib Bayramovla ailə həyatı qurub.
1-ci sinfə Bakıda gedən İlhamə Quliyeva, eyni zamanda, fortepiano ifaçılığı üzrə təhsil almağa başlayır.

O, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub.
1962-ci ildə Moskvada Ümumittifaq Tələbə Festivalında birinci yer tutub.
1963-cü ildə Zinyət Əlizadənin dəstəyi ilə ailəsindən xəbərsiz universitetin "Sevinc" estrada ansamblında çıxışlar etməyə başlayıb. 1964-cü ildə Moskvadakı universitetlərarası ümumittifaq gənc istedadlar müsabiqəsində iştirak etmək üçün Moskvaya gedib. Anası Tükəzban xanım elə bilib ki, qızı festivala tamaşaçı kimi gedib. Orada Rauf Hacıyevin "Azərbaycanım", Tofiq Quliyevin "İlk görüş" mahnılarını ifa edib və müsabiqənin qalibi olub.

Moskvada keçirilən Azərbaycan bəstəkarlarının gecəsindən sonra Fikrət Əmirov onunla görüşüb və ona yaxşı mahnılar yazacağını deyib, bununla da "Mən səni araram", "Göygöl", "Gülür ellər", "Gülərəm gülsən", "De görüm, neyləmişəm" kimi mahnılar bəstələnib.
1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olub.
Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxil olub. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrollarda çıxış edib.
İlhamə Quliyeva 2016-cı il fevralın 25-də tromboemboliyadan vəfat edib, İkinci Fəxri xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: