Alimlərdən qorxunc xəbərdarlıq: Yer daha sürətlə qızır - Bu tarixdə...
Yer kürəsində qlobal istiləşmə əvvəlki hesablamalardan daha sürətlə gedir.
Bu nəticəyə Almaniyanın Potsdam İqlim Dəyişikliklərinin Tədqiqi İnstitutunun alimləri gəlib.
Araşdırmaya əsasən, hazırda Yerin səth temperaturu hər on ildə orta hesabla 0,35 dərəcə artır. Bu isə 1970-2015-ci illərdə müşahidə olunan təxminən 0,2 dərəcəlik artım tempindən demək olar ki, iki dəfə çoxdur.
Alimlər NASA, NOAA və ERA5 də daxil olmaqla beş müstəqil meteoroloji bazanın məlumatlarını müqayisə edərək "El-Ninyo", vulkan püskürmələri və Günəş aktivliyi kimi amillərin təsirini hesablamalardan çıxarıblar. Nəticədə temperatur artımının sürətləndiyi 98 faizdən artıq dəqiqliklə təsdiqlənib.
"Yerin daha sürətlə istiləşməsi təsadüfi hal və ya statistik səhv deyil, real fiziki prosesdir", - deyə tədqiqat müəllifləri bildiriblər.
Onların hesablamalarına görə, dönüş nöqtəsi 2013-2015-ci illərdə baş verib. 2023 və 2024-cü illər isə 1880-ci ildən bəri müşahidə tarixinin ən isti illəri olub.
"Mövcud istiləşmə tempi qorunarsa, Paris İqlim Sazişində müəyyən edilən 1,5 dərəcəlik kritik hədd 2030-cu ildən əvvəl keçilə bilər", - deyə alimlər xəbərdarlıq ediblər.
Onların sözlərinə görə, kömür, neft və qazdan yaranan emissiyalar azaldılmasa, planetdə istiləşmə prosesi uzun illər davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: