Azərbaycana ən çox hansı ölkələrdən gəlirlər? - Rəsmi statistika
"2026-cı ilin ilk altı ayı ərzində Azərbaycana 192 ölkənin vətəndaşları tərəfindən ümumilikdə 1 milyon 91 min 865 giriş qeydə alınıb".
Bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda keçirilən mediatur çərçivəsində deyib.
"Ötən ilin ilk altı ayı ilə müqayisədə təxminən 10 faiz azalma var. Buna Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və regionda baş verən hərbi münaqişələrin təsiri var. Bununla yanaşı, Avropa ölkələrindən, eləcə də türk dövlətlərindən, xüsusilə Qazaxıstan və Özbəkistandan gələnlərin sayında artım müşahidə olunur. Ən böyük azalma isə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Oman və Hindistandan gələn axınlarda qeydə alınıb. Hesab edirəm ki, ilin sonunadək bu statistika dəyişə bilər", - deyə xidmət rəisi bildirib.
V.Hüseynovun sözlərinə görə, ölkəyə ən çox səfər edən əcnəbilərin mənsub olduqları ilk beş ölkə Rusiya, Türkiyə, Gürcüstan, İran və Qazaxıstandır.
O qeyd edib ki, 2026-cı ilin ilk yarısında Dövlət Miqrasiya Xidmətinə 420 min 961 müraciət daxil olub:
"Bunların 55.18 faizi elektron qaydada qəbul edilib. Elektron müraciətlərin 69 faizi real vaxt rejimində göstərilən xidmətlər vasitəsilə edilib. Şəxslər giriş-çıxış məhdudiyyətini yoxlaya, müraciətlərinin icra vəziyyətini izləyə və sistem üzərindən müxtəlif sənədləri əldə edə bilirlər".
Xidmət rəisinin sözlərinə görə, olduğu yer üzrə qeydiyyatla bağlı 149 min 714 müraciət qəbul edilib.
O əlavə edib ki, yaşama icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı ümumilikdə 38 min 884 müraciət daxil olub. Bunlardan 36 min 213-ü müvəqqəti, 2 min 671-i isə daimi yaşama icazəsi ilə bağlı olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: