"Diplom yetərli deyil": Universitet müəllimləri ilə bağlı sərt təklif
"Universitet müəllimləri mütləq sertifikasiyadan, yaxud da fərqli yoxlama mexanizmindən keçməlidir".
Bunu təhsil eksperti Ramin Nurəliyev deyib.
O bildirib ki, Azərbaycanın ali təhsil sistemində ən böyük problemlərdən biri universitetlərdə kadr hazırlığının arzuolunan səviyyədə olmamasıdır. Ekspertin fikrincə, bu səbəbdən ali məktəblərdə çalışan müəllimlərin bilik və bacarıqları mütəmadi olaraq qiymətləndirilməlidir:
"Sadəcə magistr dərəcəsi olan, elmi araşdırma etməyən, beynəlxalq məqalə yazmağı bacarmayan, Boloniya sisteminin tələbi ilə tədris prosesini aparmayan müəllimlər var universitetlərimizdə. Praktiki biliklərdən xəbərsiz, laboratoriya dərslərini tələbələrə aşılaya bilməyən müəllimlər də ali məktəblərdə dərs keçirlər".
Ekspertin sözlərinə görə, bəzi hallarda müəllimlər ali məktəbdə çalışsalar da, müasir ali təhsilin tələblərinə cavab vermirlər.
O hesab edir ki, elmi fəaliyyətlə məşğul olmayan və praktiki bacarıqları tələbələrə ötürə bilməyən müəllimlərin fəaliyyəti ciddi şəkildə qiymətləndirilməlidir:
"MİQ imtahanından nəticə göstərə bilməyib, sadəcə magistr dərəcəsi ilə universitetlərdə müxtəlif yollarla əmək fəaliyyətinə başlayan müəllimlər də var. Beynəlxalq təhsil formasından xəbərsiz, mütəmadi tədqiqat işləri aparmayan, ali təhsilin tədrisindən bixəbər müəllimləri universitetdən uzaqlaşdırmaq lazımdır".
Ekspert həmçinin tədrisi ingilis dilində aparılan ixtisaslarla bağlı problemlərə də diqqət çəkib. Onun sözlərinə görə, bəzi universitetlərdə həmin proqramlarda dərs deyən müəllimlər ingilis dilində sərbəst tədris apara bilmirlər:
"Tədrisi ingilis dilində olan ixtisaslara ingilis dilində tədrisi apara bilməyən, dərsin böyük bir qismini ingilis dilində danışmayan müəllimlər var universitetlərdə. Kiminsə qohumu, tanışı, dostu, katibəsi savadsızdırsa, universitetdə qəti dərs keçməməlidir. Bəlkə universitet müəllimlərini analiz edib, yoxlasaq, müəllimlərin sertifikasiyasından daha acı vəziyyətlə qarşılaşarıq..."(Sfera.az)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: