Şiddətli istilərin coğrafiyası genişlənir: Avropa və digər regionlarda təhlükəli tendensiya
Hazırda dünya əhalisinin təxminən 70 faizi hər il ən azı 90 gün ərzində istilik stresinə məruz qalır.
Bu məlumat "Copernicus Climate Change Service" xidmətinin dərc etdiyi yeni tədqiqatda öz əksini tapıb.
Müqayisə üçün qeyd edək ki, 1970-ci illərdə dünya əhalisinin yalnız 55 faizi hər il şiddətli istilik stresi yaşayırdı. Bununla yanaşı, il ərzində ən azı bir gün ekstremal istilik stresinə məruz qalan insanların nisbəti 16 faizdən 22 faizə yüksəlib.
Tədqiqatçıların sözlərinə görə, kəskin hava şəraiti ilə bağlı ölüm hallarının əsas səbəblərindən biri məhz isti hava nəticəsində yaranan stresdir. Bu hal həmçinin psixi, tənəffüs yolları və ürək-damar xəstəliklərinin kəskinləşməsinə gətirib çıxarır.
Qlobal istiləşmə meylləri hər 10 ildən bir güclü isti olan daha iki günün, çox şiddətli isti olan bir günün və iki tropik gecənin əlavə olunmasına səbəb olur. İlin ən isti 10 günündə qeydə alınan maksimal gündüz temperaturları əksər bölgələrdə, xüsusən də Ərəbistan yarımadasında, Şimali Afrikada və Avropada əhəmiyyətli dərəcədə artıb. Ən yüksək gecə temperaturu minimumları isə demək olar ki, dünyanın hər yerində yüksəlməkdədir.
Şiddətli istilərin əhatə dairəsi genişlənərək əvvəllər ekstremal temperaturlarla qarşılaşmayan regionlara da təsir etməyə başlayıb. Belə ki, Cənubi Amerika və Avstraliya, Afrikanın şimalı və cənubu, Avropanın cənubu, Şimali Amerikanın cənubu daxil olmaqla subtropik bölgələrdə hazırda 1970-ci illərlə müqayisədə ildə 50 gün daha çox şiddətli isti hava müşahidə olunur.
Ən diqqətçəkən dəyişikliklər Avropada qeydə alınır. Qitədə orta istilik yükü artıq iyun ayının əvvəlində deyil, orta hesabla mayın ortalarında başlayır və təxminən oktyabr ayına qədər davam edir. Şiddətli istilik yükünün pik dövrü isə iyul ayından iyun ayına keçib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: