Qəzzada 1000 günlük dəhşət: Xirosimadan 16 dəfə güclü dağıntı... -İsrailin özündə xaos...+VİDEO
Qəzza hökumətinin yaydığı məlumata əsasən, müharibənin 1000-ci günündə Qəzza zolağının 90%-dən çoxu məhv edilib, ərazinin 80%-i isə İsrail qüvvələrinin nəzarətinə keçib.
Bu haqda "Əl-Cəzirə" kanalı xəbər verir.
Qəzzada 1000 günlük dəhşət: Ərazinin 90%-i məhv dedilib, insan inkişafı 77 İl geriyə düşüb...
İsrailin Qəzza zolağında başlatdığı və artıq soyqırımı xarakteri alan müharibədən 1000 gün ötür. Ötən bu müddət ərzində anklav demək olar ki, tamamilə xarabalığa çevrilib, beynəlxalq sülh cəhdləri iflasa uğrayıb və İsrail ərazi üzərindəki hərbi nəzarətini daha da genişləndirib.

Qəzza rəsmilərinin yaydığı son hesabata görə, mühasirədə olan anklavın 90 faizindən çoxu tamamilə dağıdılıb, ərazinin 80 faizi isə hazırda İsrail qüvvələrinin birbaşa nəzarəti altındadır.
İnsan İtkilərinin dəhşətli miqyası: minlərlə körpə qətlə yetirilib...
Qəzza hökumətinin media ofisi 7 oktyabr 2023-cü ildən bəri dəyən ziyanın vahiməli statistikasını açıqlayıb. Rəsmi məlumatlara görə, anklavda ən azı 73 min 66 fələstinli qətlə yetirilib. Dünyanı sarsıdan əsas məqam odur ki, həlak olanların 21 500-dən çoxu uşaqlar, o cümlədən 1022-si körpələrdir. Müharibə zamanı 173 514 nəfər yaralanıb, daha 9500 nəfər isə itkin düşüb. Ekspertlər itkin düşənlərin əksəriyyətinin dağıntılar altında qaldığını bildirirlər...
Xirosimadan 16 dəfə güclü dağıntı və əsrlərlə davam edəcək təmizlik işləri...
Hesabatda vurğulanır ki, 1000 gün ərzində İsrail ordusu Qəzzaya təxminən 223 min ton partlayıcı maddə atıb. Bu, ABŞ-ın 1945-ci ildə Yaponiyanın Xirosima şəhərinə atdığı atom bombasının gücündən 16 dəfə çoxdur. Hücumlar nəticəsində ərazidə 68 milyon ton dağıntı və tikinti tullantısı yaranıb. BMT-nin bəyanatına görə, indiyə qədər bu zibilin cəmi 310 min tonu (0,5%-dən az hissəsi) təmizlənib. Mövcud templə Qəzzanın dağıntılardan tam təmizlənməsi 140 ildən çox vaxt apara bilər...
Humanitar fəlakət: orta ömür uzunluğu 40 yaşa düşüb...
BMT-nin hesabatlarında Qəzzada insan inkişafı indeksinin 77 il gerilədiyi, əhalinin orta ömür uzunluğunun isə 40 yaşa qədər düşdüyü qeyd olunur. Hazırda anklavın bütün əhalisi aclıq bəlası ilə üz-üzədir. Təxminən 400 min insan gündə yalnız bir dəfə yeməklə sağ qalmağa çalışır.

Səhiyyə sistemi tamamilə iflic olub; ilkin tibbi yardım üçün zəruri olan dərman preparatlarının 62 faizi ehtiyatlarda tamamilə tükənib.
Qəzza şəhərinin meri Yəhya əl-Sərrac "Əl-Cəzirə"yə verdiyi açıqlamada vəziyyətin kritikliyini bu sözlərlə təsvir edib:
"Biz resurslarımızın, binalarımızın və infrastrukturumuzun 85-90 faizini itirmişik. Bir çox hallarda özümüzü tamamilə çarəsiz hiss edirik".
Mer bələdiyyələrin "Feniks Planı" adlı genişmiqyaslı yenidənqurma layihəsi hazırladığını və sərhədlər açılan kimi xalqın öz evlərini tikməyə başlayacağını əlavə edib...
Sülh Şurasının iflası və Silahların Təslim Edilməsi Mübahisəsi...
ABŞ-ın təşəbbüsü və BMT Təhlükəsizlik Şurasının ötən ilin yanvar ayındakı qərarı ilə yaradılmış "Sülh Şurası"nın fəaliyyətə başlamasından 6 ay keçməsinə baxmayaraq, İsrailin öhdəliklərinə əməl etməsini təmin edə bilməyib. Üçmərhələli plana əsasən İsrail qoşunları mərhələli şəkildə geri çəkməli idi, lakin əksinə, Təl-Əviv nəzarət zonasını genişləndirib. Hətta ötən ilin oktyabrında qüvvəyə minən formal atəşkəsdən sonra belə İsrail hərbçiləri 1000-dən çox fələstinlini qətlə yetiriblər. Hazırda humanitar yardımların yalnız üçdə biri əraziyə buraxılır, vəd edilən milyardlarla dollarlıq beynəlxalq yardımlar daxil olmadığı üçün isə şuranın büdcəsi tamamilə boşalıb...

Analitik İyad Cuda bildirir ki, beynəlxalq vasitəçilər Qəzza ilə İordan çayının Qərb sahilini birləşdirmək olan əsas siyasi hədəfdən yayınıblar. Yenidənqurma danışıqları isə dalana dirənib. İsrail tərəfi bərpa işlərindən əvvəl "HƏMAS"-ın tərksilah olunmasını tələb edir. Keçmiş fələstinli məhbus Nasser Fərəm isə buna etiraz edərək bildirib:
"Əvvəlcə işğala son qoyulsun, silah məsələsi sonra müzakirə edilə bilər..."
İsrailin yeni planı: Bufer zonalar və yəhudi məskənləri...
Münaqişənin miqyasının daha da böyüyəcəyinə işarə edən bəyanat İsrailin maliyyə naziri Bezalel Smotriçdən gəlib. O, cənubdakı Sderot şəhərinin meri ilə görüşündə ölkəsinin planlarını açıq şəkildə elan edib: "Qəzzanın qalan ərazilərinin də fəthini başa çatdırmalıyıq. Sderot və digər sərhəd bölgələrimizin təhlükəsizliyini təmin etmək üçün Qəzza daxilində yəhudi yaşayış məntəqələrindən ibarət yeni təhlükəsizlik bufer qurşağı yaratmalıyıq. Biz 7 oktyabrdan əvvəlki reallığa qayıtmayacağıq..."
İsrail daxilində hökmranlıq edən xaos və etirazlar...

Eyni zamanda, İsrailin özündə də daxili siyasi böhran və xaos pik həddə çatıb. "HƏMAS"-ın 7 oktyabr 2023-cü il hücumlarının 1000-ci günü ilə əlaqədar ölkə boyu genişmiqyaslı etiraz yürüşləri keçirilib. Həlak olanların ailələri və keçmiş əsirlərdən ibarət kütlə hökumət binalarına doğru yürüş edib. Etirazçılar əllərində "1000 günlük tərk edilmə, laqeydlik, ört-basdır və uğursuzluq" yazılmış şüarlar daşıyıblar. Onlar Benyamin Netanyahu hökumətini təhlükəsizlik sahəsindəki uğursuzluqları gizlətməkdə və müstəqil təhqiqatların aparılmasına mane olmaqda ittiham ediblər. Qəzəbli kütlə ölkə parlamenti — Knessetə basqın etməyə cəhd göstərib...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: