xebermen.az

Virtual qumarın cəzası ağırlaşdı

Bu gün, 13:33

 

Qumar oyunlarının təkrar keçirilməsi üçün yer təşkil etmə və ya saxlamanı virtual formada sosial şəbəkə platformalarından istifadə etməklə törədənlər 4 ilədək azadlıqdan məhrum olacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama təkrar virtual formada, o cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama təkrar internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin, layihəyə əsasən, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədilməsinə görə də cəzalar sərtləşdirilir.

Belə ki, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə;

-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

- xeyli miqdarda gəlir əldə etməklə törədildikdə –

cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Məcəlləyə əsasən, yuxarıda nəzərdə tutulan əməllər on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib./ APA






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930