"Yeni narkotiklər dünya bazarını sürətlə ələ keçirir" - BMT-nin hesabatı
Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) 2026-cı il üzrə Dünya Narkotiklər Hesabatını açıqlayıb.
Bu barədə "dw.com" nəşri məlumat yayıb.
Hesabata görə, narkotik alverçiləri yeni texnologiyalardan və qlobal qeyri-sabitlikdən istifadə edərək bazara daha təhlükəli sintetik narkotiklər çıxarır və yeni satış marşrutları formalaşdırırlar.
UNODC-nin icraçı direktoru Monika Juma bildirib ki, bazarda görünməmiş sayda yeni narkotik növü peyda olub və onların bir qismi əvvəlkilərdən daha güclü və təhlükəlidir.
Onun sözlərinə görə, bu meyl vaxtından əvvəl ölümlərin artmasına, insanların sağlam həyat illərini itirməsinə, həmçinin iqtisadi və sosial sabitliyin pozulmasına səbəb olur.
Hesabata əsasən, 2024-cü ildə dünyada 15-64 yaş arasında 331 milyon nəfər narkotik istifadə edib ki, bu da son 10 ildə 34 faiz artım deməkdir. Ən geniş yayılmış narkotik vasitə hələ də kannabisdir. Ondan sonra opioidlər, amfetaminlər, kokain və ekstazi gəlir.
Ekspertlər qeyd edirlər ki, narkotik istehsalçıları qanunlardan yayınmaq üçün davamlı olaraq yeni sintetik maddələr hazırlayırlar.
Xüsusilə fentanil, nitazen və digər sintetik opioidlərin yayılması heroinə alternativ axtarışının gücləndiyini göstərir və bu, qlobal narkotik bazarında uzunmüddətli dəyişikliklərə səbəb ola bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: