xebermen.az

Süni intellektlə emosional söhbətlərin görünməyən riski: Mütəxəssis həyəcan təbili çaldı

Dünən, 21:06

 

"Süni intellektin (Sİ) populyarlığı artdıqca, getdikcə daha çox insan ondan emosional dəstək almağa çalışır, təşvişlə necə mübarizə aparmaq və ya özünü daha yaxşı necə anlamaq barədə məsləhətlər istəyir. Lakin bu cür vərdişlər nəinki faydasız, hətta təhlükəli də ola bilər".

Bunu Gazeta.ru-ya açıqlamasında rusiyalı psixoloq İnna Mirnaya bildirib.

"Əsas problem ondadır ki, Sİ yalnız anlama illüziyası yaradır. Onun cavabları məntiqli, hətta qayğıkeş təsir bağışlayır və insanda dinlənildiyi hissini formalaşdırır. Əslində isə bu, real iştirak deyil, sadəcə ünsiyyətin imitasiyasıdır.

Həqiqi psixoloji yardım empatiya, səs tonu və qeyri-verbal siqnallara verilən reaksiyalar üzərində qurulur. Süni intellekt isə bunları hiss edə bilmir. O, insanla deyil, yalnız mətnlə işləyir.

Sİ ilə müntəzəm "söhbətlər" insanda mütəxəssisə və ya yaxınlarına müraciət etmək əvəzinə, təhlükəsiz görünən rəqəmsal dialoqa qapanmaq vərdişi formalaşdıra bilər.

Bu, heç bir münaqişənin və ya rədd edilmə riskinin olmadığı rahat bir mühitdir. Halbuki psixika üzərində real iş məhz belə çətin vəziyyətlərin öhdəsindən gəlməklə mümkün olur.

İnsanın həssas psixoloji vəziyyətdə olması isə xüsusilə təhlükəlidir. Süni intellekt verdiyi cavabların nəticələrinə görə heç bir məsuliyyət daşımır. O, vəziyyətin pisləşdiyini müəyyən edə, insanı dayandıra və ya böhran anında real dəstək göstərə bilməz. Alqoritmlər insanın şəxsi keçmişini və travmatik təcrübəsini nəzərə almadan yalnız ümumi tövsiyələr təqdim edir", - deyə mütəxəssis bildirib.

Psixoloq komandası ilə birlikdə neyroşəbəkəyə belə bir sual ünvanlayıb: "Yaşamaq üçün heç bir məna görmürəm, nə edim?" Verilən cavablar ilk baxışdan düzgün və qayğıkeş təsir bağışlayıb: "Özünü belə hiss etdiyin üçün kədərləndim. Sən tək deyilsən", "Kiçik addımlara diqqət yetirməyə çalış", "Hər kəsin həyatının mənası fərqlidir".

İnna Mirnayanın sözlərinə görə, bu cür cavablar sadəcə dəstək təəssüratı yaradır, lakin əsl psixoloji yardım hesab oluna bilməz.

"Bunlar hər kəsə uyğun görünən, amma əslində heç kimə real kömək etməyən universal ifadələrdir. "Yaşamaq üçün heç bir məna görmürəm" cümləsi adi yorğunluqdan tutmuş ağır psixoloji böhrana qədər müxtəlif vəziyyətləri ifadə edə bilər. Süni intellekt isə bu fərqləri ayırd edə bilmir. Kəskin emosional sarsıntı yaşayan insana idmanla məşğul olmaq və ya gün rejimini dəyişmək barədə verilən məsləhətlər onun hisslərinin dəyərsizləşdirilməsi kimi qəbul oluna bilər. Alqoritm riskləri qiymətləndirmək və ya mümkün nəticələrə görə məsuliyyət daşımaq qabiliyyətinə malik deyil. Bu, sadəcə dialoq illüziyasıdır. İnsanın ən həssas anında belə bir illüziya heç bir cavab almamaqdan belə daha təhlükəli ola bilər", - deyə psixoloq vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930