Azərbaycanda məşhur futbol klubunun adı dəyişdirilir
"Hazırda "Səbail"də maliyyə vəziyyəti stabildir. Güclü heyət formalaşdırmaq üçün fəaliyyətimiz davam edir. Qarşıya qoyulan əsas məqsəd çempionluq və Premyer Liqaya yüksəlməkdir".
Bu sözləri açıqlamasında Azərbaycan Birinci Liqasında mübarizə aparan "Səbail" klubunun yeni prezidenti Mirzə Bayrampur deyib.
O, komandanın qarşısına yüksək hədəflər qoyduqlarını bildirib:
"Əvvəllər "Şimal" klubunu İkinci Liqadan Birinci Liqaya yüksəltmişəm. Ötən mövsüm isə "Şahdağ Qusar"da icraçı direktor vəzifəsində çalışmışam. "Səbail"də əsas məqsədimiz Birinci Liqanın qalibi olaraq birbaşa Premyer Liqaya vəsiqə qazanmaqdır. Komandanı Premyer Liqa səviyyəsinə uyğun formalaşdırmaq istəyirik. Bunun üçün həm təcrübəli, həm də perspektivli yerli futbolçuların cəlb olunması istiqamətində iş aparırıq. Baş məşqçi vəzifəsini Elnur Abdullayev icra edəcək".
"ASCO Arena və Quba şəhər stadionu ilə bağlı danışıqlar aparılır. Bu prosesdə AFFA ilə də müzakirələr davam edir. Əgər Quba stadionu ilə bağlı məsələlər müsbət həllini tapsa, klub fəaliyyətini həmin şəhərdə davam etdirəcək. Belə olan halda, komandanın adı da dəyişdirilərək "Quba" olacaq. Əks halda, qarşıdakı mövsümdə ev oyunlarımızı ASCO Arenada keçirəcəyik. Bununla bağlı danışıqlar yekun mərhələdədir. Lakin planımız növbəti mövsümdən etibarən "Quba" adı altında fəaliyyət göstərməkdir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: