xebermen.az

Mehman Hüseynovun yayımladığı şəkillər saxta çıxdı

29-01-2026, 14:40

 


Son günlər “Youtube”da Azərbaycan Prezidentinin ailə üzvlərinə qarşı misli görünməmiş yeni bir kampaniya aparılır. Söhbət Prezidentin gəlini Alena Əliyeva ilə bağlı ortaya atılan iddialardan gedir.

XEBERMEN.AZ Azerbaycan24.com-a istinadən xəbər verir ki, məsələnin aktuallığı və ciddiliyini nəzərə alaraq bir neçə müstəqil mütəxəssis müasir texnologiyanın köməyi ilə dəlil qismində irəli sürülən iddiaların həqiqi olub-olmadığını yoxlayıb.

Mehman Hüseynovun materialında yer alan bütün foto və video görüntülər xaricdən mütəxəssis də daxil olmaqla bir neçə peşəkarın iştirakı ilə xüsusi metod və prosedurlarla təhlil edildikdə aşağıdakı nəticə ortaya çıxdı: Deepfake!

Deepfake anlayışı xaricdə siyasi xadimlərə və tanınmış şəxslərə qarşı artıq bir müddətdir ki, istifadə edilsə də, Azərbaycanda bu miqyasda saxtalaşdırma cəhdi ilk dəfədir ki, müşahidə olunur.

Deepfake necə hazırlanır?

Dərin öyrənmə (deep learning) alqoritmləri, eləcə də neyron şəbəkələr (GAN, autoencoder və s.) istifadə edilməklə işlənilir.

Texnologiya çoxlu foto və video materialdan istifadə edilməklə  insan üzünü mimika, göz hərəkətləri, ağız forması, üz cizgiləri və s. əsasında dərindən öyrənir və sonra verilən tapşırığa uyğun başqa, yəni saxta görüntüyə “oturdur”.

Bu isə yalnız Mehman Hüseynovun çevrəsinin və diversiya əməliyyatının ssenari müəllifi Emin Hüseynovun təklikdə bacaracağı iş deyil.

Baxmayaraq ki, hazırda süni intellekt əsaslı bir çox foto və video generasiya proqramları internet üzərindən həm ödənişli, həm də ödənişsiz şəkildə əlçatan vəziyyətdədir, Mehman Hüseynovun paylaşdığı fotoların üzərində peşəkar müdaxilə və təkrar işləmə cəhdlərinə aid elementlərin mövcudluğu forensik analiz vasitəsilə aşkarlanıb.
Məsələn, bir neçə şəkildə yaranmış qeyri-təbii kölgə və işıq effektləri daha “təbii” görüntü yaratmaq məqsədilə “köhnə foto” effekti ilə birləşdirilib. Deepfake texnologiyası süni intellektin ən üst dərəcə imkanları ilə ən dərin səviyyədə saxtalaşdırma üsuludur və hələlik bu cür peşəkar, adi baxışla sezilməyəcək səviyyədə “istehsal” əksər hallarda xarici kəşfiyyat orqanlarının vasitəsilə həyata keçirilir.

Azərbaycan hakimiyyətinə qarşı kampaniyalarında son zamanlar süni intellektin imkanlarından geniş istifadə etməyə başlayan xaricdəki blogerlər hələlik bu işdə tam peşəkar deyillər və istənilən süni əsaslı kontentləri asanlıqla müəyyən edilə bilir. Məhz bu səbəbdən Hüseynovlar bu ustaca əməliyyatın yalnız üzdə görünən qismidir, arxa səhnədə isə xarici ölkələrin xüsusi xidmət orqanlarının fəaliyyəti və dəstəyi olmamış deyil.

Bu texnologiyanın ən “uğurlu” tətbiqi yollarından biri isə  məhz Mehman Hüseynovun materialındakı kimi ‘köhnə foto’  üsuludur. Bu tip saxtalaşdırmalarda süni intellektin tətbiqini ələ verəcək izləri itirmək üçün fotolara köhnəlik görüntüsü verən maskalanma (bozartma, solğunluq, nisbətən uzaq planlar və s) effektləri istifadə edilir.

Adi izləyicinin ilk baxışda fərq edə bilməyəcəyi, lakin xüsusi üsullarla diqqət etdikdə sezə biləcəyi bəzi məqamları diqqətinizə çatdırırıq.

Gözlərdə qeyri-simmetriq fərqlər, ölçülərin bir-birindən böyük-kiçik olması və ya bulanıq, solğun bəbəklər. Göz bəbəklərində işığın əksinin qeyri-təbii və ya ümumiyyətlə olmaması. Kipriklərin ya çox mükəmməl, ya da çox qeyri-təbii, bəzən isə yox kimi olması. Dişlərin bəzən eyni ölçüdə, bəzən isə ideal, kölgəsiz görünməsi.

Dodaq konturu, xüsusən dəri ilə birləşdiyi yerdə bulanıq, burun dəlikləri ya assimmetrik, ya da “əriyən” kimi görünür.

Qulaqlar çox vaxt bir-biri ilə uzlaşmır, ya da biri digərindən fərqənir.

Dəri həddən artıq hamar düşə (plastik effekti) və məsaməsiz görünə bilər, qırışlar isə qeyri-təbii və daha az rast gəlinən yerlərdə nəzərə çarpa bilər. Üz ilə boyun dərisinin rənginin uyğun gəlməməsi də saxtalığa işarə edir.

İşıq və kölgə effektləri də saxta izləri ələ verə bilir: Üzdə işıq bir tərəfdən gəlir, amma kölgə başqa tərəfə düşür. Alın parlaqdır, amma burun kölgə vermir (fiziki uyğunsuzluq)

Saçların ucları fonla qarışır, saç xətti qeyri-təbii hamar olur.

Şəkildə fonlar və kənarlara diqqət: Üzün ətrafında bulanıq halo (ağ kölgə),  fon kəskindir, üz isə yumşaq və ya əksinə.

Bütün parametrlər üzrə həmin fotoları təhlil etdikdə isə yeganə bir nəticə çıxır: Şəkillər və bəzi fraqmental videolar “deepfake” ilə məharətlə saxtalaşdırılıb, hekayə isə tamamilə qurama, uydurma bir ssenari ilə Emin Hüseynov tərəfindən yazılıb. Məqsədlərdən biri isə budur: Azərbaycanda hələ də süni intellektin imkanlarını tam miqyasda dərk etməyən təbəqəni inandırmaq və bununla ictimai rəyi manipulyasiya etməyə çalışmaq.

Amma gözlədikləri effekt baş vermədi. Həm izlənmə saylarının azlığı, həm də təhsilli, texnologiyadan başı çıxan şəxslərin yazdığı rəylərlə (əksəri dərhal silinir) məkrli oyun tamamilə ifşa olunmaq üzrədir.

Qeyd edək ki, qeyri-etik məzmunlu “deepfake”ilə son illər məşhur siyasətçilər və liderlərin ailələrinin hədəf alınması tez-tez baş verir.

Bunlardan ən səs-küylü hadisələrdın biri İtaliya Baş Naziri Corcio Meloninin həmin üsulla hazırlanmış porno videosu olub.

İtaliyada böyük səs-küy yaradan hadisədə Meloninin üzü süni intellekt vasitəsilə pornoqrafik videolara montaj edilmişdi.

Bu videolar real deyildi, amma kifayət qədər inandırıcı idi və sosial şəbəkələrdə sürətlə yayıldı. Məqsəd nə siyasi tənqid idi, nə satira — açıq şəkildə şərəf və ləyaqətin alçaldılması idi.

Deepfake texnologiyası Meloninin mimikalarını, üz quruluşunu və hərəkətlərini real görüntülərlə uyğunlaşdıraraq, onu heç vaxt etmədiyi hərəkətlərin içində göstərirdi.

İtaliya lideri məsələdə geri çəkilməyərək hüquqi müstəvidə səbəbkarların məsuliyyətə cəlb olunmasına qədər getmişdi.

Həssaslığı nəzərə alaraq xüsusən qadınları hədəf alan virtual cinayətkarlara qarşı beynəlxalq mübarizəni gücləndirmək üçün hətta ABŞ-ın Birinci Xanımı Melania Tramp xüsusi təşəbbüslə çıxış edib.

Artıq Birləşmiş Ştatlarda bu cür hallara qarşı mübarizə qanunla tənzimlənir və sosial media və online resurslardan saxta, şəxsi və qanunsuz kontenti silmək dərhal baş verməzsə, cinayət işi başlanır. Yəqin ki, insan hüquqlarını əlində bayraq edən və həmin qanunsuz əməllərlə məşğul olanlara qucaq açan Avropa ölkələri də ikili standartlardan imtina edərək öz ərazilərindən digər dövlətlərin vətəndaşlarına qarşı kiberterror həyyata keçirən şəxslərə qarşı qanunların gücünü göstərməyə bir gün nəhayət məcbur olacaq.

Beləliklə, bu artıq yeni dünyanın acı bir reallığıdır və qurbanlar getdikcə artmaqdadır. Budəfəki qurban isə Alena Əliyeva idi, baş rolda Mehman Hüseynov, ssenari müəllifi və rejissor Emin Hüseynov olmaqla…






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930