Tanınmış həkimdən nazirliyə irad
Aprelin 17-də Səhiyyə Nazirliyi plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısını açıqlayıb. Nazirlikdən bildirilib ki, tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yeniləcək. Eyni zamanda, Səhiyyə Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında adları olmayan cərrahlar Tibb Universitetində aldıqları baza təhsilinə, yaxud rezidentura təhsilinə uyğun ixtisas üzrə işləyə bilərlər.
Lakin bir çox tanınmış plastik cərrahın adının həmin siyahıda yer almaması suallar yaradıb. Mütəxəssislər hansı əsasla siyahıya salınıb və siyahıdan kənarda qalıblar? Siyahıda adı olmayan həkimlərin fəaliyyəti qadağandırsa, imtina cavabı verilməyən həkimlər adlarının siyahıya salınması üçün nə etməlidirlər? Bu suallar hələ açıq qalıb.
Adı siyahıda olmayan tanınmış plastik cərrah Dilqəm Məhərrəmov Oxu.Az-a açıqlamasında deyib ki, qərar həm onun, həm də plastik cərrahiyyə dərnəyinin digər üzvləri üçün gözlənilməz olub:
“Mən gözümü açandan plastik cərrahiyyə ilə məşğulam. Dünya Plastik Cərrahiyyə Cəmiyyətinin tanıdığı cərraham. Siyahıda adımın olmaması məni təəccübləndirdi. Daha sonra maraqlandıq, dedilər ki, bu, ilkin siyahıdır və araşdırmalar davam edir. Yəni siyahı yenilənəcək”.
Həkim deyib ki, siyahıda təzadlı məqamlar var:
“Siyahı açıqlandıqdan sonra Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik Cərrahiyyə Şöbəsində çalışan dostum zəng etmişdi. Deyir ki, onun öyrətdiyi dörd rezidentin adı siyahıdadır, amma onun - müəllimin - adı yoxdur. Halbuki beş ildən bir Həkimləri Təkmilləşdirmə İnstitutunda sertifikasiyadan keçirik. Bu necə başa düşülməlidir?”